...

"Tale çırağı" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2019 20:49 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı şair Bayram Göyçəlinin AYB Gəncə bölməsində “Tale çırağı” adlı kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül açıb. O, B.Göyçəlinin yaradıcılığı haqqında fikirlər söylərək qeyd edib ki, şairin hər bir şeiri sanki insana dönüb öz taleyindən, qəza-qədərdən, dünyanı dərk edə bilmədiyimiz suallardan bəhs edir. Onun bu xüsusiyyəti onu öz poetik dünyasına daha diqqətlə, daha tələbkarlıqla yanaşmağa və buna görə də gündən-günə inkişaf edərək öz yaradıcılığında gözlənilməz dönüşlərə nail olaraq, ətrafdakıları heyrətdə qoymağı bacarıb. Ən ümdəsi odur ki, onun poeziyası daxilindən gələn saf, təmiz duyğuların real inikasıdır.

Şair və yazıçılardan Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Saleh Qurbanov, Ramiz Təmkin, İqbal İsmayılov, Eldar İsayev, Ülvi Sərxan, Gülnar Hüseynova, Qəribə Göyçəli, Minayə Abdullayeva və Aləmzər Əlizadə B.Göyçəlinin yaradıcılığından danışıb, ona uğurlar arzulayıblar.

Azərbaycanın Qərb Regionu üzrə Rus İcmasının sədri, Gəncə Beynəlxalq Hava Limanı direktorunun müavini Valeriy Misiroviç Kozin iş yoldaşı şair Bayram Göyçəlinin yeni kitabını təbrik edərək onu diplomla təltif edib.

Rəhim Qurbani və Əfəndi Hacıyev şairə həsr etdikləri şeirlərini oxuyublar.

Gəncə şəhər 23 saylı məktəbin şagirdləri B.Göyçəlinin şeirlərini məclis iştirakçılarına təqdim ediblər.

Sonda B.Göyçəli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti