Bakı. Trend:
“ASAN Könüllülük” Məktəbinin “ASAN Kadr” Karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci Karyera sərgisi keçirilib.
Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov qonaqları salamlayaraq artıq ikinci ildir ki, keçirilən Karyera sərgisinin gənclərin həyatına müsbət təsirini qeyd edib. Həm potensial kadr axtarışında olan şirkətləri, həmçinin işlə təmin olunmaq arzusunda olan gəncləri bir araya gətirən bu sərginin əhəmiyyətindən danışan rektor bu kimi layihələrin gənclər üçün təşkil edilə biləcək ən yaxşı sosial məsuliyyət layihələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Kadr” Karyera Mərkəzi vasitəsi ilə yüzlərlə gənc və şirkətlər arasında əlaqə yaradıldığını, onların işlə təmin olunmasına köməklik göstərildiyini bildirib. Dövlət Agentliyinin sədri, həmçinin Karyera sərgisinin təşkil edilməsində göstərilən dəstəyə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.
Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.
Mütəmadi olaraq təşkil olunan Karyera sərgisinin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
“Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil olunan sərgidə, ümumilikdə 80-dən çox müəssisə təmsil olunub.
“ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.