Bakı. Trend:
Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 19-da Talassemiya Mərkəzində, Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 saylı, Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib.
Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri keçirir. Ənənəyə sadiq qalan Fond bu təbəqədən olan uşaqlara növbəti dəfə sevinc bəxş etdi. İlaxır çərşənbəsi günündə təşkil edilən bayram şənliklərində balacalara əyləncəli proqramlar təqdim olundu. Onlara Novruz bayramının adət-ənənələri barədə məlumat verildi, viktorina və müxtəlif oyunlar keçirildi. Uşaqların sevincini bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti aksiya sayəsində balacalar daha bir mənalı və yaddaqalan gün yaşadılar.
Tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıldı. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyü, onların təlim-tərbiyəsi ilə maraqlandığı, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd edildi.
Bayram şənlikləri uşaqların rəngarəng çıxışları ilə davam etdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məharətlərini nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər göstərdilər.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açıldı.
Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və fondun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər.