Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə 19 aprel 2019-cu il tarixdə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib.
Aİİ-dən Trend-ə verilən məlumata görə, “dəyirmi masa”nı giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şair və mütəfəkkir İmadəddədin Nəsiminin Azərbaycan dilinin və ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə görə, 2019-cu ilin “Nəsimi İli” elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncam imzalayıb. Qeyd edib ki, dövlətimiz tərəfindən “Nəsimi İli”nin elan edilməsi ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.
C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli”nin elan olunması bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsidir.
M.İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil-qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Nəsiminin zəngin yaradıcılığı haqqında söhbət açıb. O qeyd edib ki, dahi mütəfəkkir bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Ə.Farisi mütəfəkkir şairin yaradıcılığında dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdət təşkil etdiyini bildirib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.
Türkiyə Respublikası Kastamonu Universiteti Fənn ədəbiyyatı fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatı kafedrasının müəllimi, professor Vüsalə Musalı bildirib ki, mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Qeyd edib ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə tolerantlığı və multikulturalizmi təbliğ edib.
“Dəyirmi masa” mövzu ətrafında məruzələrlə davam etdirilib.