Bakı. Samir Əli - Trend:
Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində qəzalı vəziyyətə düşən evlərin yenidən tikintisi davam edir.
Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, hazırda 110 evin tikintisi davam etdirilir: "66 fərdi yaşayış evi inşa edilir. Bundan başqa, şəhərin mərkəzində 44 mənzillik 4 mərtəbəli bina inşa edilir. Qəzalı vəziyyətdə olan 12 evin isə söküntüsünə başlanılıb".
R.Əliyev bildirib ki, zəlzələ nəticəsində 5520 ev və obyektə ziyan dəyməsi barədə RİH-ə müraciət daxil olub. Daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5513 evə baxış keçirib:
"Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 270-i kəskin qəzalı (dağılmış), 1268 evin bərpası mümkün vəziyyətdə olduğu müəyyənləşib. Baxış keçirilən evlərdən 2169-da təmir işlərinə ehtiyac var. 1806 evin vəziyyətini isə komissiya qənaətbəxs hesab edib".Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.