Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilir.
Trend-in məlumatına görə, "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
"Bakı Marafonu-2019"un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019"un xüsusi medalları ilə təltif ediləcək.