...

Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO)

Cəmiyyət Materials 13 May 2019 18:01 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, o cümlədən rayon təşkilatının gənc üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən S.Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib: “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Sevindirici haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Sonra YAP Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynovun hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hal-hazırda təşkilatın Gənclər Birliyi öz sıralarında 3223 nəfər gənci birləşdirir: “Gənc üzvlərimizdən 941 nəfəri, yəni 29.2 faizi qadınlar, 908 nəfəri, yəni 28.2 faizi ali təhsilli gənclərdir”.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı: “Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi”.

Milli Məclisin deputatı Nəriman Əliyev ölkədə gənclərin inkişafı üçün görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib: “Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən edib. Artıq gənclər ictimai-siyasi proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Gənclik zaman keçdikcə ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir”.

Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi: “Yaranmış belə bir ağır vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır”.

Konfransda çıxış edən Dilbər İbayeva, Rövşən Muxtarov, Aytən Əliyeva ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Qarayev Bəxtim Akif oğlu YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.

Sonda YAP sıralarına yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti