...

Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib

Cəmiyyət Materials 16 İyul 2019 07:33 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ bölgəsindəki arxeoloji, tarixi-memarlıq abidələrini xəritələşdirib.

İnstitutdan Trend-ə verilən məlumata görə, "Qarabağ neolit-eneolit ekspedisiyası" Aran Qarabağ ərazisində - Xaçınçay-Tərtərçay vadisindəki 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.

Qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 metr olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir. Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılıb. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında Coğrafiya və Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaq.

Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalıb. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilib, onun ərazisində topoqrafik ölçmə işləri aparılıb.

Növbəti tədqiqat mövsümündə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti