...

“Gənclik” proqramı 3-cü seçim mərhələsinin nəticələrini elan edir

Cəmiyyət Materials 26 Avqust 2019 18:20 (UTC +04:00)
Proqramda iştirakla bağlı 27 may-24 iyun 2019-cu il tarixlərində ərizə qəbulu həyata keçirilib.
“Gənclik” proqramı 3-cü seçim mərhələsinin nəticələrini elan edir

Bakı. Trend:

Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən “GəncLİK” proqramının seçimlərinin növbəti mərhələsi uğurla yekunlaşıb.

Bu barədə Trend-ə fonddan məlumat verilib.

Xatırladaq ki, proqramda iştirakla bağlı 27 may-24 iyun 2019-cu il tarixlərində ərizə qəbulu həyata keçirilib.

Müraciətçilər “GəncLİK” proqramının rəsmi internet səhifəsi vasitəsilə ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub qeydiyyatdan keçiblər. Proqrama müraciət etmiş gənclər arasından seçim meyarlarına uyğun gələn 321 gənc isə növbəti mərhələ olan test imtahanında iştirak etmək şansı qazanıb. İmtahan zamanı minimum müəyyən olunmuş orta balı toplayan 104 gənc növbəti mərhələdə video müraciət hazırlayaraq iştirak ediblər. Bu mərhələnin həyata keçirilməsində əsas məqsəd namizədin maksimum 2 dəqiqə ərzində «niyə mən GəncLİK proqramına seçilməliyəm?» sualı ətrafında özünü sərbəst şəkildə ifadə etməsinə nail olmaqdır. 24 iyul - 5 avqust tarixlərində video müraciətlərin qəbulu prosesi həyata keçirilib. 60 gəncin video müraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib. Həmin gənclər “GəncLİK” proqramının sonuncu - müsahibə mərhələsinə dəvət olunacaqlar və müsahibədə müsbət rəy almış namizədlər isə proqrama qatılmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, proqram müddətində ümumi bilik və bacarıqlar, ixtisaslaşmış sahələr üzrə gənc liderlərə təlimlər keçiriləcəkdir. Təlim proqramını yekunlaşdıqdan sonra gənc liderlər profilə uyğun olaraq dövlət qurumları, aparıcı şirkətlər və beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin məzun olacaq gənc liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti