...

Magistraturaya qəbul planında qiyabi təhsilə yer ayrılmaması əmək bazarına mənfi təsirini göstərəcək - DİM

Cəmiyyət Materials 24 Sentyabr 2019 16:05 (UTC +04:00)
Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etməkdənsə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur.
Magistraturaya qəbul planında qiyabi təhsilə yer ayrılmaması əmək bazarına mənfi təsirini göstərəcək - DİM

Bakı. İlhamə İsabalayeva - Trend:

Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etməkdənsə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur.

Trend-in məlumatına görə, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.

DİM hesab edir ki, dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Mərkəzin təhlilində qeyd edilib ki, 2012-ci ildə ilk dəfə olaraq bakalavrlara təhsilalma formasının (əyani və ya qiyabi) müəyyənləşdirilməsində yeni seçim imkanı yaradılmışdı. Belə ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) seçmişdilər. Bakalavrlar bu imkandan maksimum yararlanmağa çalışmışdılar. Nəticədə 2011-ci illə müqayisədə 2012-ci ildə qiyabi təhsilalma formasını seçənlərin nisbi sayı yüksəlmişdi. Belə ki, əgər 2011-ci ildə bu cür seçim imkanı olmadığı üçün qəbul olanların yalnız 27.3%-i qiyabi təhsil verilən ixtisaslaşmaları seçmişdisə, 2012-ci ildə artıq qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların 35.5%-ni təşkil etmişdilər:

"Göründüyü kimi, təhsilalma formasının seçimi üçün verilən sərbəstlik mühüm dəyişikliyə səbəb olmuşdu. Abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meyilli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə öz növbəsində əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb. 2014-cü ildən etibarən isə qəbul planında qiyabi təhsil formasına yer ayrılmayıb. Yuxarıda qeyd olunanları nəzərə alsaq, əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanlarının məhdudlaşdırıldığı aydınlaşır. Bu isə öz növbəsində əmək bazarına öz mənfi təsirini göstərəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti