...

Bakıda yeni yol infrastrukturu yaradılır (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2019 09:06 (UTC +04:00)
Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir
Bakıda yeni yol infrastrukturu yaradılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsinin sözügedən hissəsinin əvvəllər çox ensiz olması nəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Həmin səbəbdən Tbilisi prospekti və Hüseyn Cavid parkı istiqamətindən gələn nəqliyyat vasitələri məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən günün pik saatlarında həmin prospektin metronun "Elmlər Akademiyası" stansiyası qarşısından keçən hissəsində sıxlıq və tıxac yaradırdı.

AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 m-ə çatdırılır. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü aparılır.

Söküntü işləri aparılmış ərazilərdə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınır. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası inşa edilir və bunun ardınca asfaltlanma işləri aparılır. Bu çərçivədə küçəyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihə uyğun olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 2-4 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Layihənin sonuncu mərhələsində nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol cızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə ərazidə yeni və müasir yol infratsrukturu yaradılacaq.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yenidənqurma işləri bitəndən sonra istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan nəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun "Elmlər Akademiyası" stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti