Bakı. Trend:
Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə Tacikistan Milli Kitabxanasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Nəsiminin Divanı”, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı tacik dilinə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Tacikistanın dövlət və ictimaiyyət nümayəndələri, Tacikistan Respublikasının Yazıçılar Birliyinin üzvləri, yerli mətbuat xidmətlərinin əməkdaşları, bir sıra ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə kitablarla yanaşı, il ərzində İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusunun dərc olunduğu “ADAB” və "Sədai Şərq" jurnallarıda təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Təqdimat mərasimini açıq elan edən Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, onun Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğunu qeyd etmişdir. Səfir Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, 2019-cu ildə həmçinin, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar Səfirlik tərəfindən bu münasibətlə müxtəlif silsilə tədbirlərin keçirilməsi barədə məlumat vermişdir.
"Nəsiminin Divanı" kitabının tacik dilinə tərcüməçisi və araşdırmaçısı, alim Qurban Vosi oxuculara İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi söz ustalarından biri olduğunu çatdırmış, onun Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığını və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratdığını qeyd etmişdir.
Tacikistan Respublikasının xalq şairi Gülhüsar Səfiyeva çıxışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Azərbaycan xalqı tərəfindən bütün Şərq dünyasına verilən bir hədiyyə kimi qiymətləndirmiş, şairin kitabının tacik dilinə tərcüməsi və nəşrinə görə təşəkkür etmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin "Poçt Qutusu" adlı hekayələr toplusunun tacik dilinə tərcümə olunmasında yaxından iştirak etmiş Tacikistan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, professor Məhəmmədsalam Maxşulov “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş ensiklopedik məlumatlar təqdim etmişdir.
Tədbir çərçivəsində Tacikistan Dövlət Dillər Universitetinin tələbələri tərəfindən İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadənin yaradıcılığından qəzəllər və hekayələr səsləndirilmiş, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufun Bakıda keçirilən konsertindən "Sığmazam" adlı kompozisiyası tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbir daha sonra çay süfrəsi arxasında davam etmişdir.
Təqdimat mərasimi Tacikistan Respublikasının "TV Safina", "Cahannamə", "Düşənbə TV" telekanalları, "Avesta" informasiya agentliyi, "Samak" qəzeti kimi KİV-lərdə işıqlandırılmışdır.