...

Partnyor şirkət Bakının Baş Planı haqqında: Şəhərin mobilliyini fərqli şəkildə artırmağı düşünürük

Cəmiyyət Materials 27 Noyabr 2019 17:08 (UTC +04:00)
Biz Bakının mobilliyini fərqli şəkildə artırmağı düşünürük.
Partnyor şirkət Bakının Baş Planı haqqında: Şəhərin mobilliyini fərqli şəkildə artırmağı düşünürük

Bakı. İlhamə İsabalayeva - Trend:

Biz Bakının mobilliyini fərqli şəkildə artırmağı düşünürük.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Planın ikinci mərhələsi üzrə partnyor şirkət olan "AS+P" şirkətinin icraedici direktoru Yoahim Şares deyib.

Onun sözlərinə görə, son onilliklərdə Bakıda böyümə tendensiyası müşahidə olunub. Buna görə də çoxmərkəzli şəhərin yaradılması vacibdir:

"Bu, o deməkdir ki, yalnız şəhərin mərkəzi deyil, onun ətraf ərazilərinin də yenidən inkişaf etdirilməsi çox önəmlidir. Şəhərin hazırkı mərkəzini saxlamaqla, yeni mərkəzlərin yaradılması Abşeron yarımadasının inkişafını daha da gücləndirəcək. Bu, çox önəmlidir, çünki sonda biz Bakıda olan açıq, təmiz yerlərin keyfiyyətini yüksəldə, mühəndis şəbəkələrinə olan yükü azalda, yolların əlavə avtomobillərlə yüklənməsinin qarşısını ala bilərik. Burada əsas məsələlərdən biri də hibrid dəhlizlərin yaradılması, şəhərin müxtəlif ərazilərinin bir-birləri ilə birləşdirilməsidir. Bu məsələdə infrastruktur da çox vacib rol oynayır".

Y.Şares deyib ki, əvvəllər küçələr yaradılarkən onların ötürülmə qabiliyyəti nəzərə alınırdı: "Daha sonra ictimai nəqliyyat, üçüncü yerdə isə piyadalar və velosiped sürənlər nəzərə alınırdısa, indi bu yanaşma dəyişməlidir. Biz şəhərdə yolları elə yaratmalıyıq ki, onlar birinci növbədə piyadalar üçün, daha sonra velosiped sürənlər üçün, üçüncü yerdə ictimai nəqliyyat üçün, ən sonda isə avtomobillər üçün olsun. Buna görə də yollarda piyadalar üçün geniş sahələrin olması nəzərdə tutulub. Eyni zamanda, velosiped sürənlər də yollardan rahat istifadə edə bilərlər".

Y.Şares qeyd edib ki, Bakının yeni Baş Planında mütəşəkkil, çoxmərkəzli şəhərin yaradılması ilə regionların da keyfiyyəti qaldırılır, cəlbedici şəhər və şəhərətrafı yaradılır:

"Baş planla bağlı əhəmiyyətli olan məqamlardan biri qorunub saxlanılan mədəni irslə bağlıdır. Burada çox önəmlidir ki, insanlar tarixi şəhərlərdə özlərini evlərində olduğu kimi hiss etsinlər. Dayanıqlı cəmiyyət üçün bu, çox önəmlidir. Ona görə də bizim layihələr məzmuna əsaslanan şəhərsalma həllərinə diqqət yetirir, mövcud memarlıq abidələrinin qorunmasını nəzərdə tutur. Bu, yalnız Bakı üçün deyil, ətrafdakı regionlar üçün də keçərlidir".

Şirkət rəsmisi şəhərin planlaşdırılması zamanı BMT-nin hədəflərini də nəzərə almağı vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti