...

XIV-XV əsrlərdə Qafqazda fəlsəfi baxışların inkişafı tarixindən. Nəsimi yaradıcılığı

Cəmiyyət Materials 9 Dekabr 2019 18:53 (UTC +04:00)
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.
XIV-XV əsrlərdə Qafqazda fəlsəfi baxışların inkişafı tarixindən. Nəsimi yaradıcılığı

Bakı. Trend:

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlikənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Yaşadığımız Yer kürəsi sonsuz-hüdudsuz kainat miqyasında çox kiçik bir səma cismi, zərrəcik olsa da, bu gün milyardlarla insanın həyat və fəaliyyət göstərdiyi yeganə doğma “ev”imizdir. Ulu Tanrı yer üzünün əşrəfi sayılan insanı özünə bənzər yaratdığı kimi, mavi planetimizi də bizlərin yaşayıb-yaratması üçün hər cür şəraitlə və maddi nemətlərlə təmin edib. Yer kürəsi özünə bənzər digər planetlərlə müqayisədə həqiqətən də çox gözəl və əsrarəngizdir, mavi dənizlər, bol sulu çaylar, göy üzünün aynası göllər, başı qarlı, vüqarlı dağlar, zümrüd meşələr və başqa təbiət gözəllikləri çətin ki, yaşayış üçün yararlı olan digər göy cisimlərində mövcud olsun. Xoşbəxtlikdən vətənimiz Azərbaycan bu füsunkar Yer kürəsinin elə bir ərazisində yerləşir ki, Yaradan bu bölgədən öz səxavətini qətiyyən əsirgəməyib. Bəlkə də yerləşdiyimiz coğrafiyanın aurası, gözəlliyi, torpaqlarımızın barı-bərəkəti ilə bağlıdır, ola bilsin xalqımızın istedadı, mərdliyi, qonaqpərvərliyi ilə əlaqəlidir, hər halda Azərbaycan dünyaya qədim dövrlərdən indiyə qədər elə dahi şəxslər bəxş etmişdir ki, onların həyat və yaradıcılığı bu gün də heyrət doğurur. Biz bəşəriyyətə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Saib Təbrizi, Mirzə Kazımbəy, Lütfi Zadə, Üzeyir Hacıbəyli, Qara Qarayev, Tahir Salahov ... kimi neçə-neçə böyük sənətkarlar vermişik. Bu şəxslərin hər birinin ümumbəşəri əsərləri özlərindən sonra gələnlər üçün böyük yaradıcılıq məktəbi, zəngin mənbə olmuşdur.

Bu günlər anadan olmasının 650 illiyi bütün respublikamızda dövlət səviyyəsində qeyd edilən Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi də adı məhz Azərbaycan ədəbiyyatında, poeziyasında və fəlsəfi fikir tarixində əbədi yer alan böyük şəxsiyyətlərdən biridir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafını və təbliğini həmişə diqqətdə saxlayır, bu sahədə çalışanlara yüksək qayğısını heç vaxt əsirgəmir, ötən yüzilliklərdə yaşayıb-yaratmış ədib və filosoflarımızın yaradıcılıqlarının tədqiq edilməsi və nəşri istiqamətində daim müvafiq addımlar atır. Böyük şair və filosof İmadəddin Nəsimi də bu baxımdan istisna deyildir. Belə ki, düz bir il əvvəl – 2018-ci il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb. Sərəncamda göstərilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur...”[ “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəzeti, Bakı, 2018, 16 noyabr]. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər Planı 2019-cu il ərzində Nəsiminin həyat və yaradıcılığı ilə bağlı müxtəlif səpkili çoxşaxəli tədbirlərin gerçəkləşdirilməsini ehtiva etmişdir.

Hələ sovet dönəmində Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən ölkənin o zamankı Prezidenti Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini bildirmişdi. Ulu öndərin istəyini yerinə yetirərək onu Hələbə gətirirlər, çətinliklə də olsa, şairin qəbrini tapırlar və Heydər Əliyev məzarı ziyarət edir. Böyük rəhbərimiz bununla bağlı demişdir: “... Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir” [İmadəddin Nəsimi – 650: metodik vəsait / Tərt. ed. L.Əhmədova, Bakı, 2019, 57 s].

Böyük sənətkarlarımıza, dahi insanlara, yaradıcı şəxslərə dəyər verən, onların yaradıcılığına lazımi qiymət verilməsini təmin edən dövlət başçısı cənab İlham Əliyevin Nəsiminin yubileyi münasibətilə imzaladığı 11 yanvar 2019-cu il tarixli Sərəncama əsasən, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Sərəncamda böyük şairin yaradıcılığına layiq olduğu qiymət verilərək deyilir: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, anadilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi şair Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır” [İmadəddin Nəsimi – 650: metodik vəsait / Tərt. ed. L.Əhmədova, Bakı, 2019, 57 s].

İmadəddin Nəsimi bütün Yaxın Şərq regionunda, ümumşərq coğrafiyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır. Hesab edirəm ki, o, Azərbaycan ədəbiyyatının ən uca zirvəsində dayanan şair, mütəfəkkir və filosoflardandır. Nəsimi millətimizin, xalqımızın bütün dünya miqyasında tanınması baxımından bizim qiymətli mənəvi sərvətimizdir. O, Azərbaycanda hürufilik ədəbiyyatının yaradıcısı, dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nəyə qadir olduğunu göstərmiş nadir sənətkardır. Nəsimi böyük ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin əsasını qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoyub getmişdir. Yaradıcılığa ilk olaraq məhəbbət şeirləri ilə başlamış, sonralar isə dövrün siyasi, ictimai, fəlsəfi, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoymuşdur. Böyük Füzuli kimi o da üç dildə - Azərbaycan, fars və ərəb dillərində gözəl əsərlər yazmışdır. Bu söz ustası üç dilin hər birində mükəmməl qəzəl, qəsidə və digər poetik nümunələr yaratmaqla, mütərəqqi fikirlərini təbliğ etmiş, həmçinin xalqlar arasında mədəni və ədəbi əlaqələrin inkişafına öz töhfəsini vermişdir. Nəsimi doğma ana dilində yazdığı əsərlərlə Azərbaycan dilinin bədiilik, poetiklik, ədəbi dil imkanları cəhətdən həmin dövrdə Yaxın Şərqdə geniş yayılmış ərəb və fars dillərindən qətiyyən aşağı olmadığını əyani şəkildə göstərmişdir. Qeyd etmək vacibdir ki, şairin əsərləri ona hələ sağlığında ikən geniş şöhrət qazandırmışdı. Onun qəzəl və şeirləri Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif və digər Azərbaycan klassiklərinin, habelə özbək, uyğur və türkmən şairlərinin yaradıcılığında öz əksini tapmışdır. Nəsimi məktəbinin ardıcılları Nizami və Füzuli məktəbinin nümayəndələrindən də çox olmuşdur. Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Türkmənistan və İraq türkmən ədəbiyyatında Nəsiminin çoxlu davamçıları olmuşdur.

Nəsimi kimi məşhurlaşan Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində dünyaya gəlib. Atası Seyid Məhəmməd Şirvanda tanınmış şəxs idi. Şair elə bu şəhərdə də təhsil almış, təkcə dini elmləri deyil, həmçinin dünyəvi elmləri – məntiq, riyaziyyat və astronomiyanı dərindən mənimsəmişdi. Dahi sənətkar təxminən 25 il Şamaxıda yaşamış və onda sufilik - hürufilik dünyagörüşü də məhz bu müddətdə formalaşmışdır. Ədəbi-tarixi mənbələr görə, Nəsiminin Şah Xəndan təxəllüsü ilə şeirlər yazan qardaşı olub və o, ömrünün sonuna qədər Şamaxıda yaşayıb. Qəbri hazırda elə bu adla adlanan qədim qəbiristanlıqdadır. Bir sıra tədqiqatçıların fikrincə, İmadəddin hürufilik təriqətinin qurucusu və başçısı, öz müəllimi Fəzlullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsü götürmüşdür. Tədqiqatçı alim Qəzənfər Paşayev belə hesab edir ki, şair Bağdad yaxınlığındakı Nəsim kəndində dünyaya gəlmişdir və Nəsimi təxəllüsü də onun kəndini bildirir. O, şairlərin anadan olduğu yerin təxəllüs kimi götürülməsinin orta əsrlərdə geniş yayıldığını göstərir, məsələn, Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbili, Xətib Təbrizi, Saib Təbrizi və s.

Hürufilik Nəsiminin yaşadığı dövrdə, yəni XIV əsrin axırları –XV əsrin əvvəllərində təkcə Azərbaycan ərazisində deyil, Anadolu və İranın qərbində də geniş yayılmışdı. “Hürufilik” istilahının əsasını təşkil edən “hüruf” sözü ərəb dilindən tərcümədə “hərflər” mənasını verir. Bu təriqətin əsas ideyası iudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi, Quranın da hərf sistemi vasitəsilə izah olunmasına əsaslanırdı. Mənbələrə görə, filosof Şəhabəddin Fəzlullah Astrabadi Nəimi (1339/40-1394) hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem halına gətirmişdir. Onun fəlsəfi təlimi “Cavidani-Kəbir”, “Ərşnamə”, “Məhəbbətnamə”, “Növmnamə” və “İskəndərnamə” əsərlərində öz əksini tapmışdır. Məlum olduğu kimi, Fəzlullah Nəiminin ardıcılları arasında ən böyük mürid məhz İmadəddin Nəsimi sayılırdı. F.Nəimi bu əsərlərindən “Növmnamə”də onu “Seyyid İmad” adı altında təqdim etmişdir. Fəzlullahın həbsdə olduğu zaman qələmə aldığı “Vəsiyyətnamə” əsərində həm Nəsimidən, həm də onun atası Seyid Məhəmməddən bəhs edilir. Nəsimi gənc ikən dövrünün böyük filosofu, hürufi təriqətinin banisi Fəzlullah Nəimiylə görüşmüş və ona mürid olmuşdu. Hürufi şairdə həyata fərqli baxışların yaranması, yeni fəlsəfi təfəkkürün və dünyagörüşünün formalaşması, təsəvvüf fəlsəfəsinin mahiyyətinə varması, eləcə də, həyat tərzinin tamamilə özünəməxsus şəkildə zənginləşməsi məhz Nəimi ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, 1394-cü ildə Nəimi Naxçıvanda Əlincə qalasında edam olunsa da və bu faciədən 23 il sonra – 1417-ci ildə Nəsimi Hələbdə misli görünməmiş şəkildə qətlə yetirilsə də, hürufiliyin tərəfdarları XV yüzilliyin 60-cı illərinə qədər öz fəlsəfi düşüncələrini yaymaqda davam etmişdilər.

Nəsimi öz müəlliminə dərindın bağlı idi, onun vəhşcəsinə edam edilməsi şairi hədsiz sarsıtmışdı. Onun məşhur “Ayrılır” qəzəli öz mürşidi Nəimidən cismani ayrılığı anında iztirab və sonsuz kədər içində yazılmış mərsiyədir:

Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Lakin Nəimi kimi o da öldürüləcəyindən qətiyyən çəkinməyərək, müəlliminin vəsiyyətinə əməl edir. Nəsimi hürufilik təriqətini yaymaq üçün doğma Şamaxını həmişəlik tərk edir, əvvəlcə Təbrizə, sonra isə Anadoluya səfər edir. Nəiminin qətlindən sonra hürufilik təriqətinə məhz Nəsimi başçılıq etməyə başlayır. Fəzlullahın müridləri müxtəlif ölkələrə mühacirət edərək, hürufilik ideyalarını gizli şəkildə yayırdılar. Mühacirətdə olduğu müddətdə hürufiliyin təbliğatını bir an belə dayandırmayan Nəsimi yetərincə böyük coğrafiyada çoxsaylı təqiblərə məruz qalır [Qəzənfər Paşayev. Nəsimi haqqında araşdırmalar. Bakı: Qaradağ, 2010, 168 s.]. Məsələn, xatırladaq ki, I Sultan Muradın dövründə Bursa və Anadolu ərazilərində hürufilərə qarşı sərt qaydalar tətbiq olunurdu. Nəsimi də çəkinmədən hürufiliyi təbliğ etdiyi üçün dəfələrlə zindanlara salınmışdı. Sonradan Suriyaya – Hələbə getmək məcbuiryyətində qalan şair burada da hürufilik ideyalarını yaydığına görə cəzalandırılmışdır. Onun şeirlərinin həyatına narahatlıq gətirəcəyindən əndişələnən qardaşı Şah Xəndan Nəsimiyə belə bir beyt yazıb göndərmişdi:

Gəl bu sirri kimsəyə faş eyləmə,

Xanü xası aməyə aş eyləmə.

Lakin möhkəm iradə sahibi olan şair Şamaxıya - öz qardaşına cavab olaraq belə yazmışdı:

Dəryayi-mühit cuşə gəldi,

Kövnilə məkan хüruşə gəldi.

Sirri-əzəl oldu aşikara,

Arif nеcə еyləsin müdara?

Şair-mütəfəkkir 1417-ci ildə Misir məmlükləri və Hələb ruhaniləri tərəfindən dinsizlikdə günahlandırılaraq zindana salınmışdı. Bir müddət sona Misir sultanı onun edam olunmasına fərman vermişdi. Elə həmin il ölməz şair və filosof Suriyanın Hələb şəhərində edam edilmişdir. Nəsimi edam olunan zaman ölümdən qurtulmaq üçün öz baxışlarından, mənəvi dəyərlərindən və humanist ideyalara sadiqliyindən imtina etmədi.

Qeyd edək ki, Nəsimi özündən sonra hürufiliklə bağlı heç bir fəlsəfi traktat qoymamışdır, hər halda indiyə qədər belə bir əsər aşkarlanmamışdır. Böyük mütəfəkkir öz fəlsəfi fikirlərini və dünyagörüşünü yalnız qəzəl, qəsidə, şeirlərində ifadə etmişdir. Nəsimi öz şeirləri ilə hürufiliyin yayılmasında əhəmiyyətli rol oynayırdı. Ötən əsrin 70-ci illərində Türkiyə tədqiqatçısı Kamal Ədib Kürkçüoğlu ərəb tarixçisi Abbas Əzzavinin “Tarix-İraq beynə ixtilaleyn” [Abbas Əzzavi. “Tarix-İraq beynə ixtilaleyn”. Bağdad, 1973] əsərinə əsaslanaraq yazır ki, “Nəsimi olmasaydı, hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi” [ K.E.Kürkçüoğlu – Nesimi divanından seçmeler, Ankara,1985]. Bəzi fikirlərə görə, hürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edirdi. Hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş parçalardır, onun zərrəcikləridir. Yalnız kamil insan (Allahın vücudunun bir parçası) yenidən Allaha qovuşacaqdır. Bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. Hürufiliyin əsas ideyalarına görə, Kainat əbədidir və müxtəlif dövrlərdə peyğəmbərlər dinləri yaymışlar. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o, insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir [Hürufilik. https://az.wikipedia.org/wiki/H%C3%BCrufilik].

Hürufilik pantеizmə əsaslanan və həm dinin, həm də fəlsəfənin səciyyəvi xüsusiyyətlərini daşıyan cərəyandır. Pantеizmə görə Allah var, ancaq o, təbiətdən, əşyadan və insandan kənarda dеyil, onun mahiyyətindədir. Başqa sözlə, Allahla maddi varlıq еynidir. Xaliq məxluqdan kənarda yox, onun özündədir. Nəsiminin məşhur “Ənəlhəq” sözləri də əvvəllər səhv təfsir olunduğu kimi “Mən allaham” deyil, “haqq məndədir” anlamını verir.

Hürufilər «vəhdəti-vücud» konsеpsiyasını ciddi bir nəzəriyyə kimi qəbul еdirdilər. Onların əqidəsinə görə Allah təbiət, əşya, insan və bütün kainat, bir sözlə, mənəvi olanla maddi olan, xaliqlə məxluq vəhdətdədir. Allah yеganə rеallıq və həqiqətdir. Varlıqda istər maddi, istərsə də mənəvi olsun Tanrı həqiqətindən başqa hеç bir həqiqət mövcud dеyil. Mahiyyət də, təzahür də, məna da, surət də, məzmun da, forma da еlə Haqqın özüdür. Yaradan da, yaradılan da yеganə rеallıq olan Haqqın zatına bağlıdır və bütöv bir vəhdət təşkil еdir.

Bununla bеlə, hürufiliyin başqa təriqət, cərəyan və təlimlərdən əsaslı bir fərqi onların hər şеyi söz və hərfə bağlamaları idi. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir [Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı: “Nurlan”, 2007, 128 səh.].

Bütün sufilər kimi Nəsimi də təsəvvüf fəlsəfəsinin daşıyıcılarından sayılır. XX əsrdə Türkiyənin milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalisti Əhməd Kabaklı beşcildlik “Türk ədəbiyyatı” kitabında təsəvvüflə bağlı yazmışdır, Nəsimiyə yüksək qiymət vermişdir. Ə.Kabaklının sözlərinə görə, təsəvvüf kökü islamiyyətə və şəriətə bağlı yüksək inam, fikir sistemi və yaşama tərzidir: “Füzuli və Şeyx Qalib də təsəvvüf vadisində çox irəli getmişlərdəndir, ancaq Nəsimi qədər inanclı, çılğın və pərvasız bir eşq əri göstərmək mümkün deyildir” [Ahmet Kabaklı. Türk edebiyatı, II cild. 1997, 904 s.].

İmadəddin Nəsimi insanın mənəvi gücü və intellektual bacarıqlarını əsas götürürdü və hesab edirdi ki, o, kamilləşməklə Allaha çatır. Yoqa fəlsəfəsində də təxminən eyni yanaşma mövcuddur: yoqlar insanın fiziki və ruhi kamilləşməsinin Tanrıya aparan yol olmasını qəbul edirlər. Şairin fikrincə, insan həyatı toxunulmazdır, insan ləyaqətinə hörmət edilməlidir. Böyük filosof və şair Nəsiminin əsərlərini təhlil edərkən bu humanist ideyaların hələ XIV-XV əsrlərdə təbliğ olunması dahi sənətkarı Şərq poeziyasının, ümumilikdə dünya ədəbiyyatının tanınmış simasına çevirmişdir.

Qədim Yunanıstanın Delfi məbədinin giriş qapısında “Özünü dərk et! Onda allahları da, bütün kainatı da dərk etmiş olarsan” sözləri yazılmışdı. Antik dövrün məşhur filosofu Sokrat deyirdi ki, “Ey insan, özünü dərk et, bütün dünyanı dərk edəcəksən”. Filosof Protaqorun fikrincə isə, “İnsan hər şeyin meyarıdır: istər mövcud olanların, istərsə də mövcud olmayanların”. Nəsimi həm Şərq, həm də qədim yunan fəlsəfəsi ilə yaxından tanış idi. Bu baxımdan, onun əsərlərində insanın özünü dərk etməsi ilə bağlı maraqlı fikirlərə rast gəlinir. O, demək olar ki, əksər əsərlərində insanı özünü dərk etməyə çağırırdı. Şairin fikrincə, kamil insan elə bir mənəvi zənginliyə malikdir ki, onda hər iki cahan – maddi və mənəvi aləm sığışa bilər. Ona görə də bu cür insan müqəddəs dəyər kəsb edir və heç bir məkana sığmır:

Məndə sığar iki cahan, mən bu cahana ­sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Məkansız (laməkan) olmasına Nəsimi bir şair kimi deyil, bir insan kimi inanır və hətta bunun sübutuna çalışır. Şairin laməkan ideyasına münasibəti də onun xarakteri ilə müəyyənləşir. Onun təxəllüs seçimi ilə ideyaları və tale yazısı arasında qəribə bir əlaqə, asılılıq duymaq olar. Azərbaycan əbədiyyatında rəsmi bilgi ondan ibarətdir ki, “Nəsimi” təxəllüsü onun müəlliminin daşıdığı “Nəimi” sözünə həmahəng səsləndiyinə görə, şair Seyid Əli tərəfindən bəyənilib. Seyid Əli, yəni İmadəddin Nəsimi, Şərq mədəniyyəti ənənələrinə sadiq qalaraq, ustadına kəc baxmayıb və Nəimiyə bəslədiyi sevgisini öz sədaqəti ilə birgə təxəllüsündə də rəmzləşdirib. Lakin bu təxəllüs təkcə sırf bənzətmə deyildir.

“Nəsimi” təxəllüsü “nəsim” sözündən alınmadır. Ərəb dilində “nəsim” kəlməsi isə sabah küləyi, mehi deməkdir. Düşünürəm ki, filosof şair bilərəkdən öz həyatını təxəllüsünün haqlı olmasına həsr edib. Bəlkə elə bu ona görədir ki, şair bir yerdə məskən sala bilmir, sübh yeli kimi dünyanı dolaşır. Belə məlum olur ki, Nəsimi nəsim kimi – sübh küləyi kimi laməkandır, məkansızdır.

“Nəsimi” təxəllüsü hürufi şairinin sənətinin, poeziyasının, həyat və fəaliyyətinin nəzəriyyəsidir. Təxəllüs şairin sakral həyat nişanəsidir, onun mütləq qüvvə ilə birbaşa əlaqəsinin təminatçısı, ruhi həyatının rəmzidir.

Yeri gəlmişkən, Nəsiminin “Bəhrüləsrar” adlı fəlsəfi qəsidəsini xüsusi vurğulamaq istərdik. Dərin fəlsəfi məzmun daşıyan bu əsər eləcə də önəmli didaktik önəm kəsb edir. Nəsimi insana məsləhət görür ki, özünü dərk etsin. Onun fikrincə, ağıl və mərifər insan üçün ən qiymətli sərvətdir:

Bir ovuc tozdur küləklər qarşısında bu bədən

Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən

İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək

Aqil insan zər üçün öz ömrünü verməz hədər.

Şair özünü dərk etməyin haqqı dərk etməyə gətirib çıxardığını aşağıdakı beytlərdə də bəyan edir:

Kəndi vücudunda çün gördü Nəsimi səni,

Tanıdı kim, kəndidir məzhəri-ənvari-zat.

Məlum olduğu kimi, sufilər insanın haqqa çatması vasitəsinin yalnız ilahi eşq yolundan keçdiyini bildirirdilər. Lakin onlardan fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər. Hürufilər bu fikirdə idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə bilavasitə əlaqədardır. İnsan yer üzünün əşrəfi, canlı varlıqların ən alisidir, ona görə də o, özünü dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək mənəvi dəyərlərə yiyələnməli, müdrikliyə çatmalıdır. Şübhəsiz, cəmiyyətdə kamil insanların çoxluq təşkil etməsi sosial baxımdan ədalətli bir quruluşun formalaşmasına kömək edə bilər. Nəsimidən əvvəlki və sonrakı bir çox böyük sənətkarlar, o cümlədən Nizami Gəncəvi də ədalətli cəmiyyət quruluşunun bərqərar olmasını arzulayırdılar. Nəsimi bütün bu əhəmiyyətli məsələlərə toxunaraq yazırdı:

Ey Nəsimi, sən həqqi bil, həqqə iqrar eylə kim,

Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Təbiidir ki, Nəsimi bir hürufi şair olaraq insanı uca zirvələrə qaldırır, onu ideallaşdırırvə mənən zəngin olmasını arzulayırdı. Nəsimi öz şəxsində insanın mənəvi-əxlaqi xüsusiyyətlərini təhlil edir, bu xüsusiyyətləri poetik cəhətdən və yüksək sənətkarlıqla misralara köçürürdü. Məsələn, “Məndə sığar iki cahan...” söyləyən müdrik filosofun fikrincə, insan gerçəkdən də hüdudsuz dünyadır və nəinki dünya, hətta kainatdır:

Mən mülki-cəhan, cəhan mənəm, mən,

Mən ərşi –məkan, məkan mənəm, mən.

Nəsiminin insan gözəlliyi təkcə daxili deyil, həmçinin xarici gözəlliyi də ehtiva edir. O, zahiri gözəl insanı da ustalıqla vəsf etməyə müyəssər olmuşdur. Onun bu səciyyəli əsərləri sağlığında da sevilirdi və “nəsimilər” adlandırılaraq, eldən-elə dolaşırdı. Sevgilisinin surətini solmaz və zərif boyalarla işləyən şair orta əsr gözəlinin unudulmaz, yaraşıqlı obrazını yaradırdı. Aşağıdakı bənddən də bunu aydın şəkildə görmək mümkündür:

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qeyd etdiyimiz kimi, hürufilik, əsasən, Nəsiminin yaşadığı dövrdə təzahür etmiş, lakin XVI əsrdən etibarən tədricən zəifləmiş və sonra isə təəssüf ki, tamamilə unudulmuşdur. Həmin dövrdə təriqətin yaradıcısı F.Nəiminin, həmçinin M.Həqiqinin, Sürurinin, Tüfeylinin və digər şairlərin əsərlərində hürufilik məfkurəsi öz əksini tapmışdır. Lakin Nəsiminin zəngin ədəbi yaradıcılığı və poetik irsi XIV-XV əsrlərdə ədəbiyyatımızda hürufiliyin təbliği baxımından əhəmiyyətli rol oynamışdır [Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı: “Nurlan”, 2007, 128 səh.]. M.Füzuli üç dildə mükəmməl əsərlər yaratdığı kimi, Nəsimi də üç dildə - ərəb, fars və doğma Azərbaycan dilində gözəl poetik əsərlər yazmışdır. O, hələ Şamaxıda yaşayarkən gənclik illərində yazdığı ilk şeirlərində də sufilik və hürufilik əqidəsini ehtiva edən şeirlər yazırdı. Lakin, müəllimi Fəzlullahın qətlindən sonra hürufilik təriqətinə başçılıq etdiyindən şairin yaradıcılığında bu fəlsəfi-dini dünyagörüşü üstünlük təşkil etməyə başladı.

Müqəddəs səmavi kitablarda – söz hər şeyin başlanğıcı hesab edilir. Yəhyanın İncilinin 1-ci ayəsində yazılır: “Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi”. Böyük söz xiridarı Nəsimi sözə böyük qiymət vermiş və bir sıra əsərlərində onun qdrətini vəsf etmişdir:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz.

Bu quş dilidir, onu Süleyman bilir ancaq.

Şairin “Söz” qəzəli də onun qələmindən çıxan gözəl əsərlərindən biridir və o, burada Məhəmməd Füzuli demişkən, “sözə ehya vermişdir”:

Dinləgil bu sözü ki, candır söz,

Aliyü asiman məkandır söz.

Şеş cəhətdən münəzzəh anlavü bax,

Söylə kim xaliqi-cahandır söz.

Vurğuladığımız kimi, hürufilik təriqətinin əsasını hərflər təşkil edir və iddia olunur ki, dünyanın sirri də məhz hərflərdən ibarətdir. Bununla belə, qədim Pifaqor təlimində olduğu kimi (rəqəmlər hər şeyin əsasında durur, bütün dünyada hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilər) rəqəmlərə də üstünlük verilirdi. Pifaqor deyirdi: “Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir”. O, rəqəmləri tanrı sayırdı. Hürufilikdə rəqəmlərin ideya-fəlsəfi anlamı hürufi şairlərin bir sıra əsərlərində təfsir olunur. Məsələn, Nəsiminin bəzi rəqəmlərin mistik və rəmzi mənası ilə bağlı təhlillər apardığı qəzəllərində rəqəmlər pifaqorsayağı müəyyən həqiqətləri ifadə edir:

Fatihə ümmul-kitabın göstər ayası nədir?

Bistü həştü sivü du hərfin xülasası nədir?

Doqquz ata, yеddi ana, dörd tayadan vеr xəbər,

Du çəharü pəncü şеşin saqü bünyası nədir?

Üç yüz altmış altı mənzil, qırx səkkiz yеrdə mizan,

Еy ki yеtmiş yеddi hərfin on iki xası nədir?

…Sidrəvü kövsər nədəndir, nöh fələkin gərdişi,

On iki bürcü kəvakib cayi, məvası nədir?

Yеddi yеrdir, yеddi gögdür, yеddi dərya, yеddi xət,

Yеddi müshəf, yеddi ayət yədi-bеyzası nədir?

Sufizm və hürufizmlə bağlı elmi tədqiqatlar aparan Y.Babayevin fikrincə, “ərəb və fars əlifbalarındakı hərflərin sayını ifadə еdən 28 və 32 rəqəmləri isə hürufi Nəsimidə daha önəmli məna kəsb еdib bütün xilqətin əsasına qoyulur və mütləq yaradılış vasitəsi еlan еdilir. Çünki şairin inamına görə: “Hərfdən özgə Xaliqə yoxdur nişan”. Еlə bunun üçün də həmin 28 və 32 hərfdən kənar hеç nə mövcud dеyil. Xuda nitqinin ayələri də, insan üzündəki 28 və 32-ni bildirən xətlər də, 4 kitabın mənası – bir sözlə, surət və məna, aşkar və nihan şəklində olan hər şеy 28 və 32-nin hüduduları daxilindədir:

… Gör Nəsimi ki, surətü məni,

Aşkarü nihan otuz ikidir.

… Bistü həştü sivü düdür ayəti-nitqi-xuda,

Bistü həşt vəchimdə xəttim həq bəyanın еylər uş.

… Bistü həştdən dişxarı hеç nəsnə yox.

… Bistü həştü sivü düdür nəslimiz [Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı: “Nurlan”, 2007, 128 səh.].

Böyük şair və filosof İmadəddin Nəsimi adi şair və filosof deyildi, o, möhkəm inam, dəyişməz əqidə və işıqlı ideal sahibi idi. Ağır işgəncələr ilə öldürülməsindən 600 ildən artıq vaxt keçsə də, bu gün də Nəsiminin öz həqiqəti, öz “ənəlhəq”i naminə şəxsi mübarizəsi, bu mübarizədə yalnız sözün, kəlamın gücündən istifadə etməsi, fədakarlığı heyrət doğurur. Kiçik insanın böyük qüdrətini vəsf edən filosof şairin poeziyasındakı bütün misralar insana məhəbbətlə yoğrulmuşdur. O, İsa peyğəmbər kimi son nəfəsinə qədər haqq uğrunda mübarizə aparmış, əzablı ölüm qarşısında belə, əyilməmişdir.

Hesab edirəm ki, İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeiri onun çox mükəmməl avtoportretidir. Azərbaycan klassik lirikasının nadir nümunələrindən biri olan “Sığmazam” şeirində İmadəddin Nəsiminin mübariz ideyalarının və çağırışlarının dövrə-zamana sığmayan qüdrəti ifadə olunmuşdur. “Sığmazam” şeiri cahana sığmayan böyük Azərbaycan şairinin əsrlərdən-əsrlərə qədər gəlib çatan və yaşamaqda davam edən məğrurluq manifestidir [İ.Həbibbəyli. Cahana sığmayan Azərbaycan şairi.”Azərbaycan” qəzeti, Bakı, 2019, 19 yanvar]. Şeirdəki yenilməz dağlar kimi parlaq və əzəmətli görünən lirik mən “Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm” - deyən İmadəddin Nəsiminin cahana və zamana sığmayan proobrazıdır. Akademik İ.Həbibbəyli haqlı olaraq qeyd edir ki, bu, Şərq poeziyasında insan haqqında ən möhtəşəm poetik monoloqdur:

...Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Bundan uludur ayətim, ayətə, şanə sığmazam.

Nəsiminin əsərlərində uca Tanrı ilə insan arasında əlaqə, ilahi həqiqətə aparan yol, bu həqiqəti dərk etməyin vasitələri kimi mətləblər daha çox təsəvvüf baxımından şərh olunur. Təsəvvüf fəlsəfəsi yaradılışın sirrini, səbəbini, Yaradanın yaratdıqlarına münasibətini, yalnız ali varlıq olan insanın deyil, bütün yaradılmışların öz əslinə, Yaradana qayıdış istəyini eşqlə izah edir. Nəsimi şeiri də bu cəhəti ilə təsəvvüf ədəbiyyatının ənənələrinə bağlıdır. Nəsimi yaradıcılığını dərindən araşdıran alimlərin fikrincə, Nəsiminin farsca divanı və türkcə dördlükləri daha çox onun hürufilik görüşləri, qəzəlləri isə təsəvvüf mülahizələrinin ifadəsi ilə zəngindir. Şairin əsərlərindəki bir sıra irfani anlayışları ənənəvi təsəvvüflə hürufiliyin sintezi kimi dəyərləndirmək maraqlı nəticələrə gətirib çıxarır [http://elkhan-suleymanov.az/az/2012/04/14/seyed-399le-emad399dden-n399seme-yuervane-1369-1417-2/].

Bu gün böyük hürufi şair və mütəfəkkir Nəsiminin anadan olmasının 650 illiyi bütün Azərbaycanda yüksək səviyyədə qeyd olunur, müxtəlif şəhərlərdə mühüm elmi-ədəbi tədbirlər keçirilir və Nəsimi irsi ilə bağlı dəyərli elmi tədqiqatlar aparılır. Əsərləri ilə Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şairin mənalı həyat və zəngin yaradıcılığı daha dərindən araşdırılır, mübahisəli və ziddiyyətli məqamlara aydınlıq gətirilir. Fəxr edirik ki, Azərbaycan xalqı dünya ədəbiyyatına və fəlsəfəsinə Nəsimi kimi ölməz bir sənətkar bəxş etmişdir.

İradə Hüseynova,

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatı laureatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti