Bakı. Trend:
Salyanda keçirilən bələdiyyə seçkilərində seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb.
Trend xəbər verir ki, rayonda bələdiyyə seçkiləri iki dairə üzrə keçirilir. 59 saylı Salyan şəhər və 60 saylı Salyan-Neftçala seçki dairələrində 79 seçki məntəqəsi fəaliyyət göstərir və seçici siyahılarına, ümumilikdə, 78 min 656 seçici daxil edilib. Səsvermənin gedişini hər məntəqədə orta hesabla 9-11 müşahidəçi izləyir. Hər iki dairə üzrə məntəqələrdə seçicilərin iradəsini sərbəst və azad ifadə etməsi üçün lazımi şərait yaradılıb.
59 saylı Salyan seçki dairəsinin nəzdində fəaliyyət göstərən 3 saylı şəhər seçki məntəqəsində bunların bir daha şahidi olduq.
Səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Aynur Ələsgərova yerli müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.
Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında məntəqə seçki komissiyasının üzvü qarşılayaraq ultra-bənövşəyi rəngli fanarla seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxırdı. Səsvermənin gedişini 9 yerli müşahidəçi izləyirdi.
Seçki məntəqəsində səsvermə hüququndan ilk dəfə istifadə edən gənc seçici Şahinə Kərimovadan təəssüratlarını bölüşüb: “İlk dəfədir ki, seçkilərdə iştirak edirəm. Səsverməyə gələndə həyəcanlı idim. Bu gün keçirilən seçki dövlətimizin həyatında ciddi hadisədir. Heç bir təsir və təzyiq olmadan azad şəkildə fikrimi ifadə etdim və istədiyim namizədə səs verdim”.
Şəhər sakini Mahir Qasımov da söhbətimizə qoşuldu. O, seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün lazımi şərait yaradıldığını bildirdi.
Məntəqədə bülleteni qutuya ilk atanlardan olan təqaüdçü, 82 yaşlı şəhər sakini Afət Ələkbərov söhbətə qoşularaq dedi ki, bütün həyatı boyu keçirilən seçkilərdə iştirak edib. O, səsvermədə iştirak etməyi vətəndaşlıq borcu sayaraq, digər sakinləri də bu prosesdə fəal olmağa səsləyib.
Məntəqədə müşahidəçi missiyasını yerinə yetirən Ülviyyə Şıxlarova da səsvermənin böyük fəallıqla, azad və şəffaf keçirildiyini, hər hansı bir qanun pozuntusuna yol verilmədiyini bildirdi.
Məntəqə seçki komissiyasının sədri Aynur Ələsgərovanın verdiyi məlumata görə, məntəqədə 1127 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 16 nəfəri ilk dəfə səsverəndir.
Aran bölgəsində fəaliyyət göstərən 46 saylı Şirvan, 58 saylı Hacıqabul–Kürdəmir, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad-1, 64 saylı Sabirabad-2, 65 saylı Saatlı–Sabirabad– Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli–Beyləqan və 120 saylı Cəbrayıl- Qubadlı seçki dairələrinin əhatə etdiyi məntəqələrdə də səsvermə azad və demokratik şəraitdə keçir.