Bakı. Cani Babayeva - Trend:
Ukrayna gimnastları Bakıda birinci dəfə çıxış etmirlər, buna görə də bilirik ki, burada həmişə yarışlar gözəl təşkil olunur.
Bu barədə Trend-ə Ukrayna yığma komandasının idman gimnastikası üzrə baş məşqçisi İrina Nadyuk bildirib.
"AGF Junior Trophy" beynəlxalq turnirindəki komandam gəncdir. Biz qərara gəldik ki, üstünlüyü tamamilə gənc idmançılara verək. Turnir onlar üçün ilk ciddi yarış oldu. Əlbəttə ki, həyəcan var, onları turnirə elə bunun üçün gətirmişik. Gənc idmançılar rəqabət ruhunu hiss etməli, bu emosiyaların nə olduğunu və onların öhdəsindən necə gəlməyi və idarə etməyi öyrənməlidirlər", - İrina Nadyuk deyib.
İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi qeyd edib ki, hazırda bütün hədəflər və yığmanın bütün çalışmaları may ayında Bakıda keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatına yönəlib.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər.
"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayıb.