...

QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2020 10:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirib.
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirib.

Trend-in məlumatına görə, 400-ə qədər QHT nümayəndəsinin, bir sıra dövlət qurumlarının rəsmilərinin iştirak etdiyi konfransda giriş sözü ilə çıxış edən Şura sədri, deputat Azay Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində mühüm işlər görüldüyünü bildirib.

A.Quliyev dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini deyib. A.Quliyev dövlət başçısının fərmanıyla yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvləri və Katibliyin əməkdaşlarının vəsait köçürdüyünü, QHT-lərin isə Fonda ianə ödənişlərinin davam etdiyini vurğulayıb:

"QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özünütəcrid etməyə və evdə qalmağa çağırırlar. İndiyədək 90-dan artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. QHT-lərin indiki həssas dönəmdə dövlətimiz və cəmiyyətimizlə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etməsi, birlik göstərməsi üçün önəmli motivasiyadır".

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov "Şuranın 2020-ci ilin qrant müsabiqələrinin qalibi olan bəzi layihə mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi, bu haqda QHT-lərin ideya və təklifləri" mövzusunda geniş məruzə ilə çıxış edib. F.Qurbanov Şuranın QHT-lərin koronavirusla mübarizədə effektiv layihə təkliflərini dəstəkləyəcəyini bildirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov koronavirusla əlaqədar hökumətin hazırladığı sosial paket barədə ətraflı məlumat verib.

Şura Katibliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud "Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri" mövzusunda çıxış edərək QHT-lərin bu istiqamətdə olan fəalliyyəti barədə məlumat verib.

Videokonfransda QHT-lərin koronavirusla mübarizədə fəaliyyətlərini koordinasiya etmək və əməkdaşlığı artırmaq üçün QHT-lərin Online Operativ Qərargahının yaradılması barədə qərar qəbul olunub. Regionlarda koronavirus pandemiyası barədə QHT-lərin ictimai maarifləndirmə və monitorinq işini daha da genişləndirməsinə ehtiyac olduğu bildirilib. Toplantıda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb.

Konfrans iştirakçıları ölkəmizdə koronavirusla mübarizədə görülən təsirli tədbirlərə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. QHT rəhbərləri həmçinin, fədakar fəaliyyətinə görə həkim və polisləri alqışlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti