...

Vəkil qurumlarının iştirakı ilə ilk onlayn iclas keçirilib

Cəmiyyət Materials 20 May 2020 22:36 (UTC +04:00)

Bakı. Trend:

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sədrliyi və Azərbaycanda fəaliyyət göstərən 70 vəkil qurumunun rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Trend xəbər verir ki, Vəkillər Kollegiyasının sədri respublikamızda COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldılması şəraitində vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

A.Bağırov həmçinin iclasda vəkil qurumlarında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara riayət olunması vəziyyəti və vəkillərə təyin edilmiş güzəştlər, dövlət hesabına göstərilən hüquqi yardıma görə Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilən hesabatların tərtibində ortaya çıxan problemlər, növbətçilik siyahılarının vaxtında tərtib olunub kollegiyaya təqdim edilməsi, hüquqi yardıma görə nağdsız ödənişlərin həyata keçirilməsi işinin təşkili vəziyyəti barədə məsələlərə toxunub.

Sonra son iki ildə vəkillərin sayının iki dəfəyədək artmasına baxmayaraq bəzi büroların sahəsinin, lazımi inventarların və texniki vasitələrin zəif olması, vəkillərdən alınan büronun saxlama xərclərinin həcmi, kollegiyanın internet saytında olan elektron vəkil kabinetindən vəkillərin istifadə səviyyəsi, bürolar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, mövcud şikayətlərin yerində həll olunması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov mərkəzin cari fəaliyyəti və görülmüş işlər barədə məruzə ilə çıxış edib, verilən sualları cavablandırıb.

İclas öz işini qurumların fəaliyyətində ortaya çıxan problemlər və onların həlli istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti