Bakı. Trend:
21 avqust 2020-ci il tarixdə AFFA-nın və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Trend-in məlumatına görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində 50 məktəbli uşağlara futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şamaxı Rayonundan Milli Məclisə seçilmiş deputat Tamam Cəfərova, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin müdiri Şahmar Hüseynov iştirak etmişdir. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.