Bakı. Elçin Mehdiyev – Trend:
Bu il Məhərrəm ayında Azərbaycanda birbaşa ibadətgahlarda monitorinqlər aparılmayacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə həmişə Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə xüsusi diqqət yetirir.
Vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə maarifləndirmə işi həyata keçirir.
Ötən illərdə Məhərrəm ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə birlikdə bölgələrdə, o cümlədən Bakıda monitorinqlər aparılıb. Monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunub.
Bu il isə mövcud pandemiya şəraiti ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda dini ibadətgahların fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunması ilə əlaqədar məscidlərdə hər hansı formada mərasimlərin keçirilməsi nəzərdə tutulmadığından birbaşa ibadətgahlarda monitorinqlər aparılmayacaq. Buna baxmayaraq, Aşura mərasiminin karantin qaydalarına uyğun həyata keçirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən geniş maarifləndirmə işləri aparılır.