...

Milli poçt operatoru vətəndaşlara çağırış edir!

Cəmiyyət Materials 5 Oktyabr 2020 15:53 (UTC +04:00)
Milli poçt operatoru vətəndaşlara çağırış edir!

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.
Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir.

Nazirlikdən Trend-ə bildirilib ki, əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən əsgərinə, ordusuna ehtiram və diqqətini kağıza köçürüb igid əsgərlərimizə çatdırmaqdır.

Vətəndaşlar “Azərpoçt” MMC-nin bütün respublika üzrə poçt şöbələrinə və “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq əsgərlərimizə məktub göndərə bilərlər.
Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimiz azad olunub. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti