...

Bakı Slavyan Universitetinin kollektivi düşmənlə informasiya mübarizəsində də fəal iştirak edir

Cəmiyyət Materials 2 Noyabr 2020 11:27 (UTC +04:00)
Bakı Slavyan Universitetinin kollektivi düşmənlə informasiya mübarizəsində də fəal iştirak edir

Bakı. Trend:

Müasir dövrümüzdə düşmən üzərində tam və qəti qələbənin qazanılmasında uğurlu hərbi əməliyyatların həyata keçirilməsi ilə yanaşı, informasiya mübarizəsinin düzgün və səmərəli qurulması da müstəsna əhəmiyyət kəsb edir. Böyük sevinc və qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsində xalqımız həm hərb meydanında, həm də informasiya mübarizəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın ətrafında sıx, sarsılmaz qüvvə kimi birləşib. Çox təqdirəlayiq haldır ki, hazırda Azərbaycan cəmiyyətində sarsılmaz milli birlik və vətəndaş həmrəyliyi möhkəm bərqərar olub. Bütün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ictimai birliklər Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun yanında olduqlarını bildirən bəyanatlarla çıxış edirlər. Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bütün siyasi qüvvələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin eyni amal, eyni məqsəd, vahid mövqe uğrunda çıxış etmələri mənfur düşmən üzərində tam və qəti qələbəni yaxınlaşdıran əsas amillərdən biridir.

Qeyd etmək lazımdır ki, ölkəmizin tanınmış və nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin (BSU) kollektivi separatçı və terrorçu Ermənistanın silahlı qüvvələrinin sentyabr ayının 27-dən başlayan növbəti hərbi təxribatına, eləcə də humanitar atəşkəs rejimi haqqında 3 razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq genişmiqyaslı uğurlu əks-hücum əməliyyatları həyata keçirən şanlı və rəşadətli Azərbaycan Ordusuna lazımi dəstək verir. Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ön cəbhədə düşmənə qarşı igidliklə döyüşür. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onların arasında yaralananlar, şəhid olanlar da var.

BSU müharibənin ilk günlərindən universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın təşəbbüsünə və müvafiq əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməyi özünün əsas vəzifələrindən biri kimi müəyyən edib. BSU-nun rektoru, prorektorları, fakültə dekanları, kafedra müdirləri, universitetdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının və digər strukturların əməkdaşları, tələbə ictimai təşkilatlarının fəal üzvləri, tələbə-gənclər saxta və yalançı erməni təbliğatına qarşı informasiya mübarizəsində fəal iştirak edirlər. Onlar Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan, rus, ingilis, fransız, alman və digər xarici dillərdə çap və elektron mediada sanballı məqalələrlə çıxış edir, radio və televiziyalara müsahibələr verirlər. Bu məqalə və müsahibələrdə, videoçarxlarda, paylaşımlarda şanlı Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr, Ali Baş Komandanın çıxış və müraciətləri, erməni terrorçuların Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Daşkəsən, Goranboy, Tərtər, Ağcəbədi, Qəbələ, Kürdəmir, Xızı və digər yaşayış məntəqələrimizdə dinc mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər, qətliamlar öz əksini tapıb. Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin ilk günündən BSU-nun müəllimləri və tələbələri “Facebook”, “Twitter”, “İnstagram” və digər sosial şəbəkələrdə aktiv yazışmalar aparırlar. Bugünədək BSU tərəfindən Vətən müharibəsi ilə bağlı 1000-dən çox paylaşım edilib, 10-dan çox videoçarx hazırlanıb və universitet hazırda bu vacib istiqamətdəki fəaliyyətini daha əzmlə, yüksək təəssübkeşliklə davam etdirir.

Hazırda BSU-da həyata keçirilən “Qürurlu ol, əsgər anası!” layihəsi universitetin məzun əsgərlərinin ailələrinə dəstək verilməsinə, onlarla birlik, həmrəylik nümayiş etdirilməsinə xidmət edir. Layihə çərçivəsində BSU-nun nümayəndələri məzun əsgərlərimizin və şəhidlərimizin ailələrini ziyarət edir, onlara mənəvi dəstək verirlər. Həmçinin BSU tərəfindən Azərbaycanın Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərinə Vətən müharibəsi ilə bağlı göndərdiyi müraciət də bu istiqamətdə atılan vacib addımlardan biridir.

Qeyd etdiklərimizlə yanaşı, BSU-da təhsil alan əcnəbi tələbələr Azərbaycan xalqının haqq işinə, haqq mübarizəsinə yaxından qoşularaq ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq respublikamızın şəhər və rayonlarını atəşə tutmalarını, dinc sakinləri terrora məruz qoymalarını qətiyyətlə pisləyir, bu vandalist aktlara öz kəskin etirazını bildirir və “Qarabag Azərbaycandır!” deyirlər. Ümumilikdə BSU-nun kollektivində həmişə olduğu kimi, bu çətin və məsuliyyətli tarixi günlərdə də yüksək milli ruh, vətənpərvərlik, dövlətə və dövlətçiliyə sədaqət hissi hökm sürür. Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində müzəffər Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə ürəkdən inanır və bütün fəaliyyətini məhz bu inam, əminlik üzərində qurur.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev!

Eşq olsun yenilməz, müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti