...

Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub

Cəmiyyət Materials 3 Dekabr 2020 11:06 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilərin işğal etdiyi ərazilərdə törədilən yanğınlar torpağın üst münbit qatının sıradan çıxmasından əlavə, burada məskunlaşan heyvanların yanmasına, quş yumurtalarının, balalarının tələfatına, növlərin və ya onların fərd sayının kəskin azalmasına gətirib çıxarıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova deyib.

Onun sözlərnə görə, Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadəsi nəticəsində meşə ərazilərində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları (xüsusən nadir ayıfındığı və qırmızı palıd ağacları mebel, sonuncu həmçinin spirt istehsalı, çinar və s. tikinti materialı, yüngül, daşınması asan və daha çox istilik verən tozağacı meşələri yanacaq məqsədilə) talan edilərək Ermənistana daşınıb, təbii bitkiliklər meşə və bağ sahələri dəfələrlə yandırılıb. Tozağacı meşələrinin qırılması nəticəsində buranın sakinləri olan endemik növlər – Qafqaz tetrası və Xəzər uları yaşayış yerlərindən məhrum olub.

İ.Hüseynova qeyd edib ki, torpaqlar, su mənbələri, o cümlədən kəhrizlər və suvarma sistemləri ermənilər tərəfindən dağıdılıb, bilərəkdən zəhərli maddələrlə çirkləndirilib. Yarasaların və digər canlıların toplandığı mağaralar silah anbarlarına çevrilib.

Akademik qeyd edib ki, işğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək şikəst olub və ya ölüb. İşğal, həmçinin Avropadan Afrika və Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarına da mənfi təsir edib. İşğal dövründə meşələrin qırılması və daşınması, eləcə də hərbi məqsədlərlə ağır texnikadan istifadə olunması da biomüxtəlifliyə ziyan vurub, torpaq eroziyasını gücləndirib. Cəbhə xəttindən kənarda yerləşən rayonların mütəmadi artilleriya atəşinə tutulması nəticəsində, hətta Ağgöl və Göygöl Milli parkları kimi qorunan ərazilərə və oranın canlı aləminə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti