Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova “Azərkitab-Kitab Mərkəzi” tərəfindən 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar faciənin 31- ci ildönümünə həsr olunmuş videokonfransda iştirak edib. Videokonfrans şəhid ailələri, millət vəkilləri, gənclər, qeyri-hökumət təşkilatlarının üzvləri və ziyalıların iştirakı ilə keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, onlayn tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Himnimiz səsləndirildikdən sonra faciə ilə bağlı sənədli film nümayiş olunub.
Tədbiri “Azərkitab-Kitab Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov açaraq, 1990-cı il yanvarın 20-də Sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindan danışıb.
Öz növbəsində iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayan Aparatın əməkdaşı A.Novruzova bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ümummilli lider Heydər Əliyevin Moskva şəhərində verdiyi bəyanat, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılması tələbi haqqında danışıb. O, həmçinin Prezident olduğu dövrdə Ümummilli liderin tövsiyəsi ilə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi sessiyasında bu qanlı hadisəyə verilmiş siyasi-hüquqi qiymət, 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamları da qeyd edib.
A.Novruzova çıxışında Ombudsmanın 20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə ünvanladığı bəyanat barədə məlumat verib. Bununla yanaşı, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan vətəndaşlarının ailələrinin, qazilərin, əsirlikdən azad olunmuş hərbi qulluqçuların Ombudsmanın xüsusi diqqətində olduğu, onlarla mütəmadi görüşlərin keçirildiyi vurğulanıb.