...

Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulu qaydaları açıqlanıb (VİDEO)

Cəmiyyət Materials 6 Fevral 2021 11:48 (UTC +04:00)
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulu qaydaları açıqlanıb (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.

Trend Müdafiə Nazirliyinə istinadən qaydaları təqdim edir.

I.ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

II. SƏNƏDLƏRİN QƏBULU:

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel
2021-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– burunətrafı boşluqların rentgenoqrafiyası;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd;
– dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
– xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Ümumi orta təhsil haqqında attestatın, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:

Namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.
Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ -1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti