...

Müharibəyə çağrılanda çox sevindim - Qazi

Cəmiyyət Materials 5 Mart 2021 10:53 (UTC +04:00)
Müharibəyə çağrılanda çox sevindim - Qazi

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 30-da müharibəyə getmək üçün mənə səfərbərlik xidmətindən zəng vurulanda çox sevindim. Müharibəyə sevinclə getdim. Şəhidliyi nəzərdə tutub getdim, lakin qismət olmadı.

Bunu Trend-ə Sumqayıt şəhər sakini, Vətən Müharibəsi qazisi İlkin Qəmbərov deyib.

Onun sözlərinə görə, müharibə vaxtı Tərtər-Ağdərə istiqamətində döyüşüb. Oktyabrın 6-da isə mərmi partlaması nəticəsində yaralanaraq beyin zədəsi alıb, sağ qulağının eşitməsini itirib, sol qulağının eşitmə qabiyyəti zəifləyib, sağ gözünün görmə qabiliyyəti zəifləyib:

"Qulağımda sinir ölüb, damar yığılıb. Bunu "YAŞAT" Fondu da təsdiqlədi. Onların nümayəndəsi gəlib vəziyyətimlə maraqlandı, deyildi ki, qulağımın eşitməsinin bərpası mümkün deyil. Bunun bərpası yalnız əməliyyatla olmalıdır. Lakin o da beyinlə əlaqəli olduğu üçün çox ciddi fəsadlar yarada bilər, risklidir. Amma başımla bağlı müalicəmi davam etdirirəm. Hələ də ağrılarım var. Həkimlər deyir ki, bu, belə davam edəcək".

İ.Qəmbərov qeyd edib ki, oktyabrın 6-da yaralanmasına baxmayaraq, döyüşə davam edə bilməsi üçün bu barədə heç kəsə heç nə deməyib:

"Oktyabrın 15-ə qədər döyüşdük, sonra müdafiə mövqeyinə keçdik. Bu müddətdə başımın ağrılarını kəsmək üçün ancaq ağrıkəsicilər içirdim. Qulağımın eşitmədiyini isə çox sonradan bilmişəm. Döyüş yoldaşlarım yanımda söhbət edirmiş, mən isə onları eşitmirdim. Həkimlər deyirlər ki, müalicəni vaxtında etsəydim, qulağım eşidə bilərdi. Lakin səhhətimdə yaranan peroblemə görə peşman deyiləm. Vətən üçün canımız fəda olsun".

Qazi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində müalicə olunduğunu söyləyib.

O qeyd edib ki, burada ona psixoloji dəstək də göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti