...

Əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19-dan can qurtara biləcəyik - Ekspert

Cəmiyyət Materials 6 Aprel 2021 16:57 (UTC +04:00)
Əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19-dan can qurtara biləcəyik - Ekspert

Bakı. Trend:

Dünyanın bir çox ölkəsində COVID -19 virusuna yoluxma dinamikası yenidən artmaqdadır. Əfsuslar olsun ki, bu tendensiya Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadadır. Yəni əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində böyük işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin vaksinasiyasında, həmdə pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əl çatanlığında öndə gedən ölkələrdən hesab edilir.

Trend xəbər verir ki, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib. Ekspert bildirib ki, COVID-19 virusuna qarşı vaksinlərin dünyada defisiti yaşandığı dövrdə Azərbaycan müxtəlif çətinliklərə və vaksinlərin paylaşdırılmasında haqsızlıqlara baxmayaraq vətəndaşının sağlamlığını əsas amil tutaraq vaksinlərin ölkəyə planlı şəkildə gətirilməsinə nail olur. Əlbəttə ki, bu işlərin gedişatı Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir və bu sahədə işlərin icrası ölkənin səhiyyə qurumları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Belə ki, Azərbaycana yenicə 432 000 doza “AstraZeneca” vaksini gətirilib və yaxın zamanda mərhələli şəkildə digər vaksinlərin gətirilməsi də gözlənilir. “Xüsusən tibb müəssisələrində əhalinin vaksinasiya prosesinin həyata keçməsi üçün görülən tədbirlərin yüksək səviyyədə olmasını qeyd etmək istəyirəm. Səhiyyə qurumlarının məqsədi, yaxın aylar ərzində əhalinin böyük bir hissəsini vaksinasiya etmək və gələcəkdə sərt karantinin rejiminin – məhdudiyyətlərin qarşısını almaqdır. Onu deyə bilərəm ki, sərt karantin vətəndaşlarımızın sosial və psixoloji durumuna ciddi mənfi təsir göstərir. Bundan başqa sərt karantin zamanı olan məhdudiyyətlər dövlətin sosial, iqtisadi durumuna da ciddi mənfi təsir edir. Məcburi addımların atılmaması üçün virusu passiv hala gətirməliyik. Buna görə birliyimizi nümayiş etdirməliyik”, - deyə ekspert Ayaz Hüseynov deyib.

Ekspert bildirib ki, vaksinasiya ilə paralel vətəndaşlar maskanın düzgün taxılmasına, sosial məsafəyə və şəxsi gigiyenaya çox diqqət etməlidirlər: “Dünya yeni dövrə qədəm qoyub. Bu dönəmdə yeganə məsələ məsuliyyətdir. İnsanlar qəbul edilmiş qaydaları pozmasınlar və beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoymasınlar. Şüurlu şəkildə bu məsələyə yanaşsaq, karantin şərtlərinə və qadağalara riayət olunsa, yoluxma halları azalar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti