...

AzMİU-da vaksinasiya prosesi uğurla davam edir

Cəmiyyət Materials 12 Aprel 2021 16:50 (UTC +04:00)
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir. Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Azərbaycan Memarlıq və İnşaat Univeritetində (AzMİU) də təhsil işçilərinin vaksinləşmə prosesi yaş kateqoriyasına uyğun olaraq mərhələli şəkildə aparılır.

Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan professor-müəllim heyəti və universitet əməkdaşları iştirak edib, sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunub.

Bu günə qədər universitetimizdə birinci mərhələdə peyvənd olunanların sayı 248, ikinci mərhələdə isə bu rəqəm 61-dir. Əməkdaşımız AzMİU-nun bir qrup vaksin vurdurmuş əməkdaşı ilə söhbət edib, peyvənd vurulandan sonra onların səhhəti ilə maraqlanıb.

Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov vaksin vurdurduğunu, özünü çox yaxşı hiss etdiyini deyib. Dekan koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu bildirib. P.Sadıqov Yasamal rayonu 3 saylı şəhər poliklinasında peyvənd olunub.

Elmi-tədqiqat şöbəsinin müdiri, dosent Nərmin Rzayeva da xəstəlikdən qorunmaq üçün peyvənd olunmağın vacibliyini vurğulayıb, ilk vaksini vurdurduğunu bildirib. “Vaksinasiya könüllü prosesdir, lakin COVID-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdır”. Vaksinasiyadan sonra özünü normal hiss etdiyini deyən N.Rzayeva səhhətində hər hansı bir dəyişiklik olmadığını qeyd edib.

“Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir!” deyə çağırış edən İnnovativ Biznes İnkubator Mərkəzinin müdiri Nəsibə Əmirbəyova vaksin olunmağın vacibliyini diqqətə çatdırıb. O, daim tələbələrlə ünsiyyətdə olan təhsil işçilərinin vaksinasiyasının daha vacib olduğunu, başqalarını yoluxdurmamaq üçün könüllü şəkildə peyvənd olunmağı tövsiyə edib. Onu da qeyd edək ki, Sumqayıt şəhərində yaşayan Nəsibə xanım 31 saylı məktəbdə peyvənd olunub.

Məlumat üçün qeyd edək ki, təhsil işçilərinin vaksinasiyasını həyata keçirmək üçün Təhsil Nazirliyinin göstərişi ilə paytaxtdakı ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Qeydiyyat yerindən asılı olmayaraq və yaş məhdudiyyəti qoyulmayaraq hər bir təhsil işçisi çalışdığı təhsil müəssisəsinin yerləşdiyi rayonun ərazisində formalaşdırılan tibb məntəqəsində peyvənd oluna bilər. AzMİU əməkdaşlarının diqqətinə çatdırırıq ki, onlar peyvənd üçün şəxsiyyət vəsiqələri ilə Yasamal rayonu 158 saylı orta məktəbə müraciət edə bilərlər.

Bir məlumatı da diqqətinizə çatdıraq ki, təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir. Hörmətli müəllimlərimiz və əməkdalarımız, vaksin olunmağınıza dair şəxsi sosial hesabınız üzərindən qeyd edilən həştəqi əlavə etməklə foto və ya mətn paylaşaraq kampaniyada aktiv iştirak edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti