...

Gömrük Akademiyası Özbəkistanın magistrantları və gömrük əməkdaşları üçün distant dərslər təşkil edib

Cəmiyyət Materials 27 Aprel 2021 12:31 (UTC +04:00)
Gömrük Akademiyası Özbəkistanın magistrantları və gömrük əməkdaşları üçün distant dərslər təşkil edib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün distant dərslər təşkil edilib.

Belə ki, Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək, azərbaycanlı mütəxəssislər tərəfindən Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan Respublikası DGK-nın struktur bölmələrinin əməkdaşları üçün gömrük nəzarəti, gömrük ekspertizası və gömrük rəsmiləşdirilməsi məsələlərini əhatə edən bir sıra mövzular üzrə distant dərslərin keçirilməsini xahiş edib.

Onlayn formatda dərslərin təşkili Gömrük Akademiyasına tapşırılıb.

Aprelin 26-da Zoom platforması üzərindən təşkil edilmiş ilk iki dərsin gedişində Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Xarici ticarət iştirakçılarının gömrük əməliyyatlarının auditi şöbəsinin baş inspektoru Rəşad Salmanov tərəfindən Daşkənd Gömrük İnstitutunun magistrantlarına və kursantlarına iki mühazirə təqdim olunub. Onlayn dərslərə Özbəkistan Respublikası gömrük xidmətinin mərkəzi ofisinin, regional idarələrinin və Daşkənd hava limanının gömrük əməliyyatlarının auditinə məsul olan əməkdaşları da qoşulub.

Dinləyicilərə gömrük auditinin təşkili metodologiyası, onun mərhələləri və həyata keçirilmə ardıcıllığı, gömrük auditinin gedişində gömrük dəyərinin hesablanmasının və təyin edilməsinin düzgünlüyünün yoxlanılması qaydası izah olunub.

Cari il ərzində Gömrük Akademiyası tərəfindən özbəkistanlı dinləyicilər üçün daha bir neçə onlayn dərslər təşkil ediləcək. Həmin dərslərdə azərbaycanlı mütəxəssislər gömrük ekspertizası laboratoriyalarının fəaliyyətində malların təhlükəsizliyi məsələlərinin həlli, gömrük orqanlarının fiskal funksiyalarının həyata keçirilməsi, gömrük prosedurlarının avtomatlaşdırılması, o cümlədən "ağıllı gömrük" sahəsində əldə etdikləri təcrübəni özbək həmkarları ilə bölüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti