Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə artıq Milli Məclisə təqdim edilib.
Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.
Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.