...

Gəncə Qarnizonunda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” adlı kitab təqdim edilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2021 19:28 (UTC +04:00)
Gəncə Qarnizonunda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” adlı kitab təqdim edilib (FOTO)

Bakı. Trend:

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhid cənazələrinin üzərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı sərilir. Onlar dini və hərbi ənənələrə uyğun olaraq böyük izdihamın iştirakı ilə yaylım atəşi altında Vətən torpağına əmanət edilir.
Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən qələbəyə, zəfərdən zəfərə aparır. Həqiqət, ədalət yolunu, qəhrəmanlıq, mübarizlik yolunu göstərir şəhidlər bizə.
Xalqımızın ümummilli lideri Heydər Əliyev şəhidlərin xatirəsini həmişə əziz tutar, şəhid ailələrinə xüsusi önəm verərdi. Ulu öndər “Vətən yolunda həlak olanların, müstəqil Azərbaycanın torpaqlarını qorumaq uğrunda şəhid olanların xatirəsi qəlbimizdə yaşayacaqdır... Onların qəhrəmanlıq nümunələri sizi daha mübariz olmağa dəvət etsin” , - deyə gənclərə müraciət edir və inanırdı ki, Azərbaycan əsgəri şəhidlərin qanını yerdə qoymayacaq, Azərbaycan torpaqlarını şərəflə müdafiə edəcək, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəkdir.
Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərmək ənənəsi bu gün də uğurla davam etdirilir. Elə bir rəsmi dövlət tədbiri, təntənə, mərasim yoxdur ki, orada öncə şəhidlər xatırlanmasın, yada düşməsin.
Şəhidlik əbədiyyət zirvəsi, şəhidlər isə həmin zirvələrdən yolumuza nur saçaraq Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər.
“Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!”, “Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhidlər mənəviyyata açılan pəncərədir”, “Döyüş meydanında can versə insan, xoşdur namərdliklə qoyub qaçmaqdan” aforizmi və atalar sözləri bu gün də dillər əzbəridir.
Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb. İlk dəfə olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.
Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərin doğum və anım günlərinin təşkili ənənə şəklini alıb. Abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları şəxsi heyət tərəfindən ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın təqdimat mərasimində bu barədə ətraflı söhbət açılıb.
Gəncə şəhərindən, Qazax, Göygöl və Samux rayonlarından gələn şəhid zabit və gizirlərin ailə üzvləri ilə görüşdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabın müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaxından köməyi ilə nəşrə hazırlanmış bu xatirə kitabları dəsti 7 cilddən ibarət olacaq və hər bir şəhid ailəsinə, o cümlədən respublikanın şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərinə, muzey və kitabxanalara hədiyyə ediləcək.
800 səhifəlik birinci kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışından şəhidlər haqqında və onların ailələrinə ünvanlanan dəyərli fikirləri yer alıb: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”
Məlumat verilib ki, kitabda Azərbaycan Respublikasında Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları da öz əksini tapıb.
Müəllifin “Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir” adlandırdığı ön söz əvəzi yazıda XIX əsrin əvvələrindən başlayaraq günümüzədək erməni faşizminin özləri ilə bölgəyə fəlakətlər, qətliamlar gətirdiyi tarixi faktlarla göstərilir, azərbaycanlılara qarşı torpaq iddiaları ilə törətdiyi soyqırımı hadisələri nifrətlə xatırlanır və nəhayət Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı 44 günlük Vətən müharibəsi xronoloji ardıcıllıqla oxucunun nəzərinə çatdırılır. Kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə xidmət peşəsinə həsr olunmuş ömür yoluna çıraq tutulur. Yeri gəldikcə şəhidlərin müqəddəs xatirəsinə, onların intiqamını düşməndən artıqlaması ilə alan igidlərimizin şəninə həsr olunmuş şeirlər, döyüş anlarını əbədiləşdirən fotolar da kitabda təqdim edilir.
“Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nüsxələri şəhid ailələrinə hədiyyə edilib. Onlar bu kitabı Azərbaycan Ordusunun 103-cü ildönümü ərəfəsində qiymətli bir töhfə kimi qəbul ediblər.
Şəhid baş leytenant Elşən Abdullayevin atası, Gəncə Dövlət Universitetinin baş müəllimi Sabir Abdullayev minnətdarlığını bildirərək deyib:
- Mənim oğlum mədəniyyət paytaxtımız Şuşa şəhərinə qədər döyüş yolu keçib. Hərbi əməliyyatlar zamanı xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ancaq ən böyük hədiyyəmiz 30 ilə yaxındır ki, düşmən tapdağında inildəyən, əzilən tarixi torpaqlarımızın işğaldan azad edilməsidir. Mənim oğlumun da bu möhtəşəm Qələbənin qazanılmasında kifayət qədər xidməti varsa, deməli, mən xoşbəxt atayam. Elşən ailəmizin yeganə oğul övladı idi. Böyük arzularla yaşayırdı. Bundan sonra da xatirəmizdə 28 yaşlı bir igid oğul kimi yaşayacaqdır.
Ehtiyatda olan baş gizir Vaqif Nəsibov digər iki qardaşı ilə birlikdə Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsinin veteranıdır. Tərtər, Goranboy, Ağdərə uğrunda gedən döyüşlərdə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn V.Nəsibov kitabı bağrına basaraq tədbir iştirakçılarına duyğulu anlar yaşadıb:
- Oğlum Xaliddin baş leytenant idi. Müharibənin ilk günlərindən Xocavənd rayonunun bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə komandiri olduğu motoatıcı bölüyün şəxsi heyəti ilə birlikdə qarşıya qoyulmuş döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyib. Müharibə Zəfərlə başa çatandan dörd gün keçmiş itkin düşdüyü xəbərini eşitdik. Uzun axtarışlardan sonra, noyabrın 17-də nəşi tapıldı və ertəsi gün Qazax rayonuna gətirilərək Qarapapaq kənd qəbiristanlığında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı. O, ailəmizin yeganə oğul övladı idi. İndi hərdən düşünürəm, Vətənimizin müdafiəsi uğrunda lazım gələrsə, mən özüm peşəkar hərbçi kimi oğlumun əvəzindən də döyüşməyə hazıram. Təki Vətən sağ olsun!
Baş leytenant Rauf Vaqif oğlu Əsgərovun anası Briliyant xanım təqaüddə olan müəllimədir. Uzun müddət Gəncə şəhərindəki 44 nömrəli tam orta məktəbdə çalışıb. Şəhərin qabaqcıl təhsil işçilərindəndir. Gənclərin vətənpərvərlik tərbiyəsində bu gün də fəal iştirak edir. O, kitab təqdimatı mərasiminə Raufun övladları Ruqəyya, Ramilə və Təqi ilə gəlmişdi. Briliyant ana deyib:
- Mənim oğlum Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2006-2007-ci illərdə Azərbaycan Ordusunda müddətli həqiqi xidmət keçib. Müharibənin ilk günündə qismən səfərbərlik üzrə könüllü olaraq döyüşlərə yollanıb. Motoatıcı bölük komandiri kimi göstərilən etimadı doğruldub. Oğlum uşaq yaşlarından zirək olub. Yaxşı yadımdadır, 90-cı illərin əvvələrində Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda Gəncədə mitinqlər başlayanda o məktəbli idi. Bakıda qanlar tökülməsinə etiraz olaraq pioner qalstukunu yandırdı. Oğlum 44 nömrəli məktəbi bitirmişdi. 44 günlük müharibədə Raufum Vətən uğrunda yaşamaq hüququnu itirdi. Təsəllimiz bircə ondadır ki, Müzəffər Ali Baş Komandanımız dediyi kimi torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
“Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimində şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti