...

Abşeronda növbəti dəfə şəhid övladları sevindirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2021 15:32 (UTC +04:00)
Abşeronda növbəti dəfə şəhid övladları sevindirilib (FOTO)

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsinə bu dəfə rayon ərazisində faliyyət göstərən SİRAB şirkəti qoşulub. Layihə çərçivəsində şəhid kəşfiyyatçı, mayor Azər Mikayılovun həyat yoldaşı Təhminə Mikayılova ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının “Seqvey”, oğlunun isə velosiped arzuladığı müəyyən olunub.

Sirab şirkətinin kollektivi tərəfindən “Seqvey” və velosiped ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.

Şəhidin həyat yoldaşı T.Mikayılova göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, 17 il Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, qərargah rəisi, hərbi hissə komandiri kimi xidmət edən Azər Əmrah oğlu Mikayılov 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1997-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi Məktəbinə verib. 1998-2002-ci ildə Ali Hərbi Məktəbdə təhsil alıb. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra Naxçıvana xidmətə göndərilib.

Azər Mikayılov hərb fəaliyyətinə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun daxilində Motoatıcı Hərbi Hissənin tağım komandiri kimi başlayıb. Az bir müddətdən sonra hərbi hissənin kəşfiyyat bölüyünə tağım komandiri təyin olunub. Kəşfiyyatçı kimi formalaşıb və kəşfiyyat bölüyünün komandiri olub. Daha sonra hərbi hissənin kəşfiyyat rəisi, xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini və tabor komandiri vəzifələrinə qədər yüksəlib. Bu dövr ərzində Naxçıvanın müdafiəsində böyük xidmətləri olub, onun rəhbərliyi ilə bir neçə erməni postu ələ keçirilib. Həmin postlardan biri Azər Mikayılovun adını daşıyır.

Qəhrəmanımız 2016-cı ildə Aprel döyüşlərinə qatılıb. Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak edib. O, Vətən Müharibəsindən aylar əvvəl Naxçıvandan Beyləqan-Füzuli tərəfdə yerləşən N saylı xüsusi təyinatlı hərbi hissəyə göndərilib. Həmin hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri olub.

27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan zamanı Azər Mikayılov ön cəbhədə düşmənlə üz-üzə duraraq mərdlik və şucayət göstərib.

Tabeliyində olan şəxsi heyətlə - Xüsusi Təyinatlı Kəşfiyyat taboruyla birgə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılıb, döyüşlərə birbaşa rəhbərlik edib, böyük qəhrəmanlıq nümunəsi göstərib. Onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin, çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak edib. Düşmənə ən ağır zərbələr endiriblər.

8 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə zərbə vuraraq, qəhramancasına şəhid olub.

Hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə medallarla təltif olunub. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medallarınıl alıb. Prezident İlham Əliyevin sərəncamı ilə A.Mikayılov "Qarabağ" ordeninə (ölümündən sonra), “Vətən uğrunda” medalına (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” medalına (ölümündən sonra) layiq görülüb.

Allah rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti