Bakı. Çingiz Səfərli - Trend:
Avqustda işıqpulunun digər aylarla müqayisədə həddən artıq çox yazılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəzi vətəndaşlar iddia edirlər ki, əvvəlki aylarda da kondisionerdən istifadə olunub, lakin son ayda enerji sərfiyyatı həddən artıq çox yazılıb.
Məsələ ilə əlaqədar "Azərişıq" ASC-dən Trend-ə bildirilib ki, avqust ayında enerji istehlakı ötən aylarla müqayisədə xeyli çox olub və vətəndaşlara iddia edildiyi kimi artıq sərfiyyat yazılması mümkün deyil: "Açıqlanan rəsmi rəqəmlərə görə, bu ilin avqustunda enerji istehlakı 2,03 mlrd. kVt.s təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,53 mlrd. kVt.s olmuşdu. Eyni zamanda, cari ilin avqust ayı üzrə enerji sərfiyyatı son 5 ilin də ən yüksək gösəricisidir. Bundan başqa, həmin ay enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVt.s artıb. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVt.s qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzən ayrı-ayrı şəxslərə astronomik elektrik sərfiyyatı yazılması halları ilə bağlı paylaşımlar edilir. Sosial şəbəkələrdə paylaşılan qəbzlərdən görünür ki, hansısa vətəndaşa yanlışlıqla 1000-2000 manat civarında işıq pulu yazılıb.
Bu məsələyə gəlincə isə qurumdan bildirib ki, bəzən belə hallara rast gəlinir. Bu halda həmin vətəndaş məsələni aydınlaşdırmaq üçün "Azərişıq" ASC-yə müraciət edə bilər.
Xatırladaq ki, "Azərişıq" ASC avqust ayı üçün öncədən verilən açıqlamada abonentlərə enerji sərfiyyatının çox olması barədə xəbərdarlıq edib. Bildirilib ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. Bu baxımdan, istehlak edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında, yəni avqust üzrə təqdim olunan bildirişlərdə öz əksini tapacaq.
Twitter:@cingizsafarli