Bakı. Humay Ağacanova - Trend:
Məşğulluq marafonu çərçivəsində 600-dən çox şəxs işlə təmin edilib.
Trend-in məlumatına görə, bunu cümə günü Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
O bildirib ki, dövlətimizin ana xəttini sosial siyasət təşkil edir: "44 günlük Vətən müharibəsindən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb. Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinə dəstək üçün olan bir sıra mövcud proqramlar genişləndirilib və yeni proqramlara start verilib. Sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Postmüharibə proqramları çərçivəsində sosial ödənişlər, sosial-psixoloji və reabilitasiya xidmətləri və məşğulluq proqramları həyata keçirilir. Ümumilikdə postmüharibə paketi 26 mindən çox şəxsi əhatə edir".
V.Nəsirli bildirib ki, müharibə iştirakçılarının aktiv fəaliyyətə qoşulması böyük əhəmiyyət kəsb edir: "Bu çərçivədə artıq "Məşğulluq marafonu"na start verilib. Dövlət və özəl sektoru təmsil edən qurumlar tərəfindən vahid məşğulluq proqramına 2100-dən çox vakansiya yerləşdirilib.
Hazırda 600-dən çox şəxs yaradılan imkanlardan istifadə edərək işlə təmin edilib".