...

"ARB Günəş" “Gözləri ilə danışan mələklər” adlı kövrək mini-film təqdim edib (VİDEO, FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2021 16:07 (UTC +04:00)
"ARB Günəş" “Gözləri ilə danışan mələklər” adlı kövrək mini-film təqdim edib (VİDEO, FOTO)

Bakı. Trend:

Təqdimatını keçirdiyimiz layihə ilə biz cəmiyyətin diqqətini bir daha o insanlar kateqoriyasına yönəltməklə demək istəyirik ki, onların fiziki məhdudiyyəti bu insanların potensialının üzə çıxarılması və istifadəsində əngəl olmamalıdır.

Trend-in məlumatına görə, bunu dekabrn 2-də “The Landmark Hotel Baku” otelində ölkəmizin uşaq televiziya kanalı “ARB Günəş” və “Oscar film”in istehsalı olan “Gözləri ilə danışan mələklər” adlı sosial layihənin təqdimat mərasimində layihənin rəhbəri Məhsim Məhsimov deyib.

Tədbir iştirakçıları layihənin təqdimatından əvvəl ərazilərimizin bütövlüyü uğrunda, həmçinin bu il noyabrın 30-da helikopter qəzası zamanı həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Milli Məclisin deputatlarının, tanınmış incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat zamanı layihənin rəhbəri həssas qrupdan olan uşaqlara xüsusi qayğının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq layihənin ərsəyə gəlməsindən danışıb.

“Çəkilişlərin bir qismi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində aparılıb. “ARB Günəş” ölkənin ilk və yeganə uşaq televiziya kanalı olaraq, bu mövzunu daim diqqətdə saxlayır. Sosial layihə eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirir”, - deyə o qeyd edib.

Tədbirdə iştirak edən millət vəkili Sevil Mikayılova vurğulayıb ki, dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət və qayğı göstərilir.

"Onların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihə və proqramlar reallaşdırılır. Cəmiyyət, öz növbəsində bu uşaqlara öz sevgisini bəxş etməli, onların şəxsi inkişafı və həyatda layiqli yerlərini tutmaları üçün bütün şəraiti yaratmalıdır. Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətin həyatına fəal cəlb olunması, bütün sahələrdə inteqrasiya və əlçatanlıq dayanıqlı inkişafın nail olunması üçün vacib şərtlərdən biri, bugünümüz və gələcəyimiz üçün töhfədir", deyə S.Mikayılova bildirib.

Ekran işinin yaradılmasında məqsəd bu qəbildən olan uşaqların cəmiyyətdə özünə layiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltmək olduğu barədə məlumat verən M.Məhsimov mövzunun gələcəkdə də diqqətdə saxlanılacağını bildirib.

Sonra klipin yaradıcı heyəti barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, sözləri Esmira Etibarqızına, bəstəsi Yaqut Almaza, aranjemanı Faiq Kazımova məxsus olan mahnını Xalq artisti Gülyanaq Məmmədova ifa edib. Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Mehriban Xanlarova, aktrisa Ülviyyə Rza, aktyor İlqar Musayevin, həmçinin real həyatda eşitməsində və nitqində qüsur olan 6 yaşlı məktəbli Aytən Bağırovanın canlandırdığı rollar həyat hadisəsinin bir fraqmentidir.

Sosial layihənin rəhbəri və ssenari müəllifi Məhsim Məhsimov, baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, prodüseri Sadiq Şahbazovdur.

“Gözləri ilə danışan mələklər” adlı sosial layihənin təqdimatından sonra Milli Məclisinin deputatı Sevil Mikayılova, Xalq artisti Gülyanaq Məmmədova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Haşımov, Xalq artist Həmidə Ömərova və digərləri qaldırılan məsələnin aktuallığını, yaradıcı heyətin uğurlu işini qeyd etməklə analoji mövzuların gündəmdə saxlanılmasının zərurətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti