Bakı. Çingiz Səfərli - Trend:
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin bütün qurumlarına gücləndirilmiş iş rejiminə keçilməsi haqqında müvafiq göstəriş verilib.
Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Qeyd edilib ki, hazırda səhmdar cəmiyyətinin 563 qazanxanası 88 istilik məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir: "Həmin qazanxanalar vasitəsilə 3870 yaşayış binası və qazanxanaların xidmət zonalarına daxil olan bütün məktəb, uşaq baxçası, səhiyyə müəssisələri və sosial və təsərrüfat obyektləri normal istiliklə təmin olunurlar.
Gücləndirilmiş iş rejiminə keçilməsi ilə əlaqədar olaraq həmin günlərdə yaşayış binaları və sosial obyektlərdə istiliyə olan tələbatın artacağını nəzərə alaraq qazanxana və istilik məntəqələrində temperatur qrafikinə ciddi əməl olunması, gecə növbəsində çalışanların sayının artırılması, bundan başqa, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün aidiyyatı xidmətlərin məsul şəxslərinə öz xidmət sahələrində növbəçilik yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda 24 saat ərzində fasiləsiz rejimdə fəaliyyət göstərən Mərkəzi Dispeçer Xidməti və 956 nömrəli Çağrı mərkəzinin də həmin günlərdə işçilərinin sayının artırılması ilə bağlı göstəriş verilib.
"Vətəndaşlar yaranan problemlə bağlı "Azəristiliktəchizat"ın 956 - "Çağrı Mərkəzi"nə və ya cəmiyyətin rəsmi feyfsbuk səhifəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilir.