...

Himayədar ailə üzrə onlayn sistem təkmilləşdiriləcək

Cəmiyyət Materials 18 Fevral 2022 13:11 (UTC +04:00)
Himayədar ailə üzrə onlayn sistem təkmilləşdiriləcək

Bakı. Humay Ağacanova - Trend:

Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanın icrası işləri çərçivəsində "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində yeni fuksional imkanlar yaradılmaqla bu e-sistem bu ilin noyabr ayının 1-dək təkmilləşdiriləcək.

Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu həmin altsistem vasitəsilə elektron qaydada aparılacaq. "Himayədar ailə" qayğı sisteminin fəaliyyətinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək, himayədar ailə üzrə xidmətlər elektron qaydada təqdim olunacaq.

Altsistemdə təkmilləşdirmələrin növbəti istiqaməti kimi qeyd olunan kateqoriyadan olan uşaqlarla bağlı bütün proseslər (həmin uşaqların müəyyən edilərək müəssisələrdə yerləşdirilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə onların müəssisələrdən ailələrinə qaytarılması, yaxud himayədar ailəyə verilməsi, müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə düşməsinin qarşısının alınması) bu e-sistemə inteqrasiya ediləcək.

Bütün bunlar qeyd edilən sahədə müasir və çevik, şəffaf idarəçilik və xidmətlərin formalaşmasına imkan verəcək.

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində qeyd edilən təkmilləşdirimə işlərinin aparılması ilə əlaqədar Nazirlik tərəfindən funksional tələblərin hazırlanması prosesi davam edir.

Xatırladaq ki, himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur.

Dövlət başçısının qeyd edilən Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti