Bakı. Trend:
Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Institutunun (QDPİ) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə QDPİ-nin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova, həmin universitetin Qəbul Komissiyasının məsul katibinin müavini Liliya İosifovna Belıx, Qəbul Komissiyasının aparıcı mütəxəssisi Yuliya İvanovna Dmitruk, Rusiya Federasiyası Udmurtiya Respublikası Hökumətinin Beynəlxalq əlaqələr üzrə müşaviri Dmitri Ryabov, Udmurtiyada yaşayan Azərbaycan diasporunu təmsil edən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru dosent İsrayıl İsgəndərov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova iştirak ediblər.
Görüş zamanı rektor Cəfər Cəfərov və prorektor Fikrət Rzayev qonaqları salamlayaraq ADPU-nun fəaliyyəti barədə məlumat veriblər. QDPİ-nin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova öz növbəsində rəhbərlik etdiyi institutun təhsil proqramları, fəaliyyəti, nailiyyət və problemləri barədə danışıb.
Görüş çərçivəsində ADPU və Qlazov Dövlət Pedaqoji İnstitutu arasında birgə onlayn konfransların, yay məktəblərinin və tədris proqramlarının təşkili, məqalələrin elmi jurnallarda qarşılıqlı dərci və sairə kimi əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda ali təhsil müəssisəsinin rektorları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.