Bakı. Trend:
Martın 30-da “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “1918-ci il 31 mart soyqırımı gerçəkləri” adlı tədbir keçirilib. Tədbir tariximizin ən qanlı səhifələrindən biri olan ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, baş vermiş qırğınlar və soyqırımı gerçəkləri haqqında məlumatları tarixi faktlarla gənclərə çatdırmaq məqsədilə təşkil olunub.
Dövlət himninin səsləndirilməsi, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi və əməkdaşları, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, könüllülər və üzv gənclər iştirak ediblər. Açılış niqtləri ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov tarixən erməni vandalları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətindən, xalqımızın soyqırıma və deportasiyaya məruz qalmasından danışıblar. Bildirilib ki, gənclərin bu tarixi gerçəklikləri dərindən öyrənərək həm yerli, həm də beynəlxalq platformalarda, müxtəlif internet resurslarında, qlobal sosial şəbəkələrdə geniş təbliği zəruridir. 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilərək, məhz Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-nin “Azərbaycanlıların soyqırımı günü” elan edildiyi vurğulanıb. Tədbirin qonağı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tərəfindən 31 mart soyqırımının səbəbləri, həyata keçirilməsi üsulları, nəticələri haqqında tarixi faktlarla ətraflı məlumat diqqətə çatdırılıb və gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.