Bakı. Trend:
2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Şuşa İli” çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəlyinin “Arşın Mal Alan” operettası nümayiş etdirilib. Operetta MDU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Teatr klubu tərəfindən səhnələşdirilib.
MDU-dan Trend-ə verilən məlumata görə, tamaşadan əvvəl, MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış edib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar universitetdə silsiləvi tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdıran E.Cəfərova süjet xətti Şuşa həyatından bəhs edən operettanın məhz bu çərçivədə tələbə gənclərin ifasında təqdim olunduğunu qeyd edib. Gənclərin milli mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdə fəal iştirakından məmnunluğunu bildirən kafedra müdiri tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları tələbələrin təqdimatında “Arşın Mal Alan” operettasını izləyiblər. Tamaşa böyük maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin təhsil və elmi fəaliyyəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması və gücləndirilməsi məsədilə müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.