...

ADPU-nun Region müəllimlərinin təhsil zirvəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2022 08:58 (UTC +04:00)
ADPU-nun Region müəllimlərinin təhsil zirvəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5-də “Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir təşkil olunub. ADPU, EYUDER Azərbaycan (Eğitim Yöneticileri ve Uzmanları Derneği) və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə filialın akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri, həmçinin ölkənin 30-a yaxın şəhər və rayonundan olan təhsil işçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva tədbiri açaraq, bu günlərdə ulu öndər H.Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar respublikamızın hər yerində, bütün Türk dünyasında müxtəlif tədbirlərin, konfrans, simpozium və elmi seminarların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, “Region müəllimlərinin təhsil zirvəsi” də filialda ulu öndərin xatirəsinə həsr olunan silsilə tədbirlərin davamıdır.

Şəki ŞİH başçısının müavini, t.ü.f.d Z.Cavadova çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkisafı yolunda göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıb, elm və təhsilimizin inkişafına diqqət və qayğısından söhbət açıb.

EYUDER Azərbaycan təmsilçisi f.ü.f.d. Gülnura Babaşova öz çıxışında qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələrdən bəhs edib, tədbirin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, ADPU-nun Təlim-Tədris Mərkəzinin rəhbəri p.ü.f.d. Xalidə Həmidova çıxış edərək, təhsil sahəsində qazanılan uğurlar və mövcud problemlər barədə danışıblar.

Tədbir Şəki şəhərinin incəsənət nümayəndələri, filialın tələbələri və məktəblilərin təqdim etdiyi konsert proqramı ilə davam edib.

Açılış tədbirindən sonra iştirakçılar üçün “ERASMUS”, “Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması”, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “eTwinning layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “İngilis dili dərslərinin qeyri-standart təşkili”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə - STEAM dərsləri” mövzularında təlimlər keçirilib.

Təlimlər başa çatdıqdan sonra iştirakçilara sertifikat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti