...

İlahiyyat İnstitutu Gəncə şəhərində abituriyentlərlə görüş təşkil edib (FOTO)

Cəmiyyət Materials 17 May 2022 13:30 (UTC +04:00)
İlahiyyat İnstitutu Gəncə şəhərində abituriyentlərlə görüş təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut heyətinin növbəti səfəri Gəncə şəhərinə olub.

Tədbirdə Aİİ-nin fəaliyyəti, tədris olunan ixtisaslar və qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov giriş nitqi ilə çıxış edərək, ölkəmizdə gənclərin zəngindünyagörüşlü, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün İlahiyyat İnstitutunda lazımi şəraitin yaradıldığını bildirib.

H.Məmmədov bildirib ki, dünyanın bəzi ölkələrində dini-siyasi qarşıdurmalar və iğtişaşlar hökm sürdüyü bir zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlıq yüksək səviyyədədir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, eyni zamanda, ali təhsil müəssisəsinin yeni inzibati binasının açılış mərasimində ölkə başçısının şəxsən iştirakı bunun bariz nümunəsidir. İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait yaradılıb.

M.Mürsəlov ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verərək qeyd edib ki, Aİİ-yə qəbul olunan hər abituriyent ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.

İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev Aİİ-də ərəb dilinin tədrisi haqqında geniş məlumat verib. Daha sonra ali təhsil müəssisəsində tədris olunan ərəb dili dərslikləri, tələbələrin fənni mükəmməl mənimsəmələri üçün təşkil olunan əlavə pulsuz dərslər və kurslar barədə ətraflı danışıb. Ə.Mustafayev bildirib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri haqqında ətraflı danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, həmçinin ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti