...

“Zəfər yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” (FOTO)

Cəmiyyət Materials 18 May 2022 18:22 (UTC +04:00)
“Zəfər yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” (FOTO)

Bakı. Trend:

Mayın 18-də “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Zəfər yolunun hədəfləri azərbaycançılıq birliyi işığıında” mövzusunda maarifləndirmə və məlumatlandırma layihəsi çərçivəsində növbəti seminar-treninqini keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan edilməsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin Azərbaycanın qarşısında açdığı imkanlardan və dünyaya ünvanlanan çağırışlardan geniş bəhs edib: “30 illik işğala 44 gündə son qoymaq Azərbaycanın malik olduğu imkanların, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, artıq tarixə qovuşan münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasının təqdimatı oldu. Ölkəmiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü bir daha dünyaya nümayiş etdirdi. Artıq ölkəmizin həyatında yeni mərhələ - işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb. Azad Qarabağımız, azad Şuşamız sözün əsl mənasında dirçəlir, əvvəlki həyatına qayıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürurla bəyan etdi: “Əziz Şuşa, ən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik.”

Vüqar Rəhimzadə diqqəti bu günlərdə keçirilmiş V «Xarıbülbül» Beynəlxalq Folklor Festivalına yönəldərək bildirib ki, bu unikal musiqi bayramı günlərində ikinci dəfə mədəniyyət paytaxtımız Şuşada oldum: «Ötən bir ildə qədim şəhərimizdə nə qədər böyük yeniliklər baş verdiyini öz gözlərimlə görərək bundan sonsuz qürur və iftixar hissi keçirdim. 28 il əsarətdə olsa da əyilməyən, sınmayan, milli qürurumuzu qoruyan Şuşa artıq tarixi sahibinə qovuşduğu üçün xoşbəxtdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bu fikirlər Şuşanın Azərbaycan xalqı üçün nə qədər əziz olduğunu nümayiş etdirir. Alınmaz qala olan Şuşa 1992-ci ildə antimilli ünsürlərin xəyanəti nəticəsində işğal edilmişdi. Amma bu, musiqi beşiyimizin azadlığa qovuşacağına ümidini itirmədi. Bu, xalqımızın məğrurluğundan, yenilməzliyindən, tarixinə sahib çıxmasından, ən əsası dövlətimizin dəyişməz mövqeyindən irəli gəlirdi. Ali Baş Komandan dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.»

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, «Şuşa İli» çərçivəsində silsilə tədbirlər keçirlir: «Bu tədbirlər Zəfərimizə gedən yolun, Şuşa əməliyyatının təqdimatında öz sözünü deyir. Dünyaya səs salan, əfsanəvi bir dastana çevrilən Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin, torpaq sevgisinin göstəricisidir. Bu sevgi onların qanları, canları ilə tarix yazmalarına stimul oldu. Bir daha işğalçıya və ona havadarlıq edən dövlətlərə xatırladıldı ki, torpaqdan pay olmaz. Azərbaycan öz torpaqlarının sahibidir və bir qarış torpağının belə düşmən tapdağında qalmasına imkan verməyəcək. Şuşa nəinki Azərbaycanın, bütün dünyanın canlı təbiət muzeyidir. Qarabağımız, Şuşamız tezliklə dünyanın ən böyük turizm məkanına çevriləcək.»

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun Siyasət və sosiologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə diqqətə çatdırıb ki, bu tədbir Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.

Professor xatırladıb ki, yanvar ayının 5-də Prezident İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı: “Məsələn, sual oluna bilər ki, niyə Qarabağ yox, “Şuşa İli”? Cavab sadədir. Çünki ulu öndər Heydər Əliyevin bir kəlamı var: Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Bu, böyük hədəf idi. Cari ilin “Şuşa İli” elan olunmasının əsas məqsədi bu idi. Şuşa bizim qeyrətimiz, namusumuz, ləyaqətimiz, mənəviyyatımız, mədəniyyətimizdir.»

Natiq, həmçinin bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması uzun müddət və böyük maliyyə vəsaitləri tələb edən prosesdir.

Professor bəzi ekspertlərin bu prosesin 5-10 il çəkə biləcəyini və 10 milyard dollardan çox vəsait tələb edəcəyini diqqətə çatdıraraq söyləyib ki, buna baxmayaraq Azərbaycan yaxın keçmişdə ölkəmizin abad guşələrindən biri olmuş işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən bərpa etməkdə israrlıdır: “Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü, qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər. Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində inşa edərək istismara verdi. 2021-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hava limanının açılışında iştirak etdilər və Zəngəzur dəhlizinin, yəni, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir. Bütün bunlar həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün yeni inkişaf trendi deməkdir”.

Professor R.Mirzəzadə, həmçinin erməni vandalları tərəfindən dağıdılmış, təhqir edilmiş mədəni, tarixi abidələrimizdən də söz açıb: «Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Ölkəmiz UNESCO və digər beynəlxalq təşkilatları Ermənistanın işğalından azad edilmiş ərazilərimizə vurduğu maddi ziyanı qiymətləndirməyə və mədəni irsin bərpasında iştirak etməyə dəvət edir.»

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov «Azərbaycançılıq birliyi və 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri» mövzusunda məruzəsində bildirib ki, ölkəmizdə milli ideologiyanın - azərbaycançılığın, onun ayrılmaz tərkib hissəsi olan milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, mənimsənilməsində və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. O, bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli-mənəvi dəyərlər olduğunu dönə-dönə qeyd etmişdir: «Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, xalqımıza mənsub olan adət-ənənələrdir. Bizim hamımızı birləşdirən həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.»

Hüseyn İbrahimov qeyd edib ki, azərbaycançılıq dövlətimizin vahid ideologiyasıdır. Bu ideologiya yalnız Azərbaycan vətəndaşlarını deyil, dünyada yaşayan bütün azərbaycanlıları bir bayraq altında birləşdirir: «Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası xalqımızı bir araya gətirən, onu xarici təhdidlərdən qoruyan, daxili sabitliyini, dövlətçiliyini təmin edən ideologiya oldu. Bu ideologiyanın təməl prinsiplərini Azərbaycanın adət-ənənələrinin zənginliyində, ölkəmizin multikultural keçmişində axtarmaqla yanaşı, dövlətimizin bu gün həyata keçirdiyi siyasi xəttdə, dövlətçilik ənənələrinin möhkəmlənməsində axtardıq. Nəticədə elmi şəkildə bu gün azərbaycançılıq ideyası, eyni zamanda, bizim Qələbəmizi, birliyimizi təmin edən əsas ideoloji konsepsiyalardan biri oldu. Multikulturalizm bizim həyat tərzimizdir. Azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizmin özəlliyi ondan ibarətdir ki, burada multikulturalizm yalnız miqrant məsələsi kimi şərh olunmur, o xalqın tarixi keçmişi, adət-ənənəsindən irəli gələn məsələ kimi təhlil edilir. Azərbaycanın silsilə olaraq ev sahibliyi etdiyi 6 beynəlxalq forumda dövlətimiz öz konsepsiyasını təqdim etdi. Sübut etdi ki, Azərbaycan multikulturalizmi haqlıdır və bu ideologiyanın dünyada reallaşması qaçılmazdır. Bunun əleyhinə olan fikirlər isə ksenofobiyadır, irqçilikdir, faşizmdir. Bütün bu təfərrüatların hamısı o nəticəyə gətirib çıxardı ki, artıq Vətən müharibəsinin gedişində dövlət başçısı İlham Əliyevin xarici mediaya müsahibələrində də Azərbaycanın informasiya müharibəsində üstünlüyünü əsaslandıran xətt təqdim olundu. Biz öz torpaqlarımızı azad edirik, multikulturallıq bizim ideologiyamızdır və xalqların dinc yanaşı yaşamasını qəbul edərək onların bir arada mövcudluğunun təminatçısıyıq. Buna bizim ideologiyamız əsas verir.»

Məruzəçi qeyd edib ki, bütün vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik örnəyini çox güclü şəkildə 44 günlük Vətən müharibəsində daha qabarıq şəkildə təqdim etdik.

Seminar-treninqdə fəal gənclər adından çıxış edən Ruslan Qasımov və Yetər Babaşova tarixi Zəfərimizin hər bir azərbaycanlıda doğurduğu qürurdan bəhs ediblər. Bildiriblər ki, Azərbaycan gəncliyi hər zaman dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyümüzün keşiyindədir. Milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəyə çağırışlar dövlətimizin siyasətində əsas yer tutur. Dəmir yumruq kimi birliyimizin nəticəsi dünyaya səs salan, Azərbaycanı qalib ölkəyə çevirən tarixi Zəfərimizdir. Qalib Azərbaycanın vətəndaşı olmaqdan xoşbəxt nə ola bilər?

Seminar-treninq məruzələr ətrafında müzakirələrlə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti