Bakı. Trend:
Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta saxlanılsa belə rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəbləri çoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib
Trend Emin Məmmədov ilə müsahibəni təqdim edir.
- Emin müəllim, hansı hallarda insanlar mədə xəstəliklərindən şübhələnməlidir?
- Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta
saxlanılsa belə rast gəlinə biləcək bir problemdir. Çünki bizdən
asılı olan və olmayan səbəbləri çoxdur.
Mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik
müşahidə olunur. Bəzi əlamətlər var ki, çox diqqətli olmaq
lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürək
bulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan
dərman vasitələrini qəbul etmək doğru deyil. İştahsızlıq, çəki
itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola
bilər.
Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq mədə
yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən
başlayır.
- Stres, əsəb mədə-bağırsaq xəstəliklərinə necə təsir edir?
- Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən
çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli
xəstələrdir. Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta
bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm
sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər.
Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli
mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb.
Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq
sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik,
ishal, və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi
tədqiqatlar sübüt edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla
mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza
təsir edə bilər.
- Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər yay aylarında qidalanma zamanı nəyə diqqət etməlidilər?
- Bu xəstəliklərdən əziyyət çəkən insanların qidalanmasında bəzi
vacib məqamları qeyd etmək istərdim. Məlumdur ki, yay fəslində mədə
bağırsaq infeksiyaları və qida zəhərlənmələri artır. Xüsusilə mədə
turşuluğunu azaldan dərmanlar qəbul edən şəxslərə dərman dozalarını
azaltmağı tövsiyə edirəm. Çünki mədə turşuluğu bizi ətrafdan
zərərli mikrob və maddələrin organizmə daxil olmasının qarşısını
alır.
Bundan başqa, reflüks və ishaldan əziyyət çəkən insanlara süd,
kafeinli və energetik içkilərdən imtina etmələrini məsləhət
görürük.
Ən çox zərərli insanlar arasında yayılan vərdişlərdən biri də
sarımsaq udmaqdır. Sarımsaq çox güclü aşındırıcı bir qida olaraq
onikibarmaq bağırsağın qanamasına və kəskin reaktiv qastritə səbəb
ola bilər.
- Ağız boşluğunda xoşagəlməz qoxular mədədə hansısa problemin olmasına işarədir?
- Tibbi adı Halitosis olan ağız qoxusu ilk növbədə ağız boşluğu
gigienasından başlayaraq, mədənin xəstəliklərinə qədər bir çox
səbəbləri ola bilər.
Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən
artıq qəbuludur.
- Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar Qurban bayramında qidalanma zamanı nəyə diqqət etməlidilər?
- Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət
etmək lazımdır. Bayram günlərində qızardılmış ət və ət
məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da
kəskinləşməsinə şərait yarada bilər. Mədəaltı vəz və öd daşı
xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt
kəskin ağrılar müşahidə oluna bilər.
Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal,
kəskin qarın ağrıları, ürək bulanma və qusma hallarına tez-tez rast
gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir.
Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat
olduqda, xüsusi ilə yay aylarında, kəskin qastroduodenit, yəni,
qusma və ishalla nəticələnmə ola bilər.
Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin
qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə
edirəm.