Bakı. Trend:
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayı ilə bağlı din xadimlərinə tövsiyələr verib.
Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən iclasda dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğı və diqqətdən bəhs edib, öz növbəsində, din xadimlərinə Məhərrəm ayı ilə bağlı öz tövsiyələrini bildirib.
Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq dövlət xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib.
M.Qurbanlı Azərbaycan cəmiyyətinin hər zaman ənənəvi dəyərlərinə yüksək ehtiram bəslədiyini vurğulayaraq, bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyinə əmin olduğunu bildirib.