Bakı. Trend:
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Mirəsədulla Mirqasımov küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ortalama eni 17.5 metr təşkil edən küçənin uzunluğu 780 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 2150 kv.m səki bərpa olunub, 700 p /metr yeni səki daşı düzülüb.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 14586 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
Təmir işləri zamanı küçədə yeni yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.