...

Ombudsmanın nümayəndələri Avropa Şurasının Ekspertlər Qrupunun üzvləri ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2022 11:37 (UTC +04:00)
Ombudsmanın nümayəndələri Avropa Şurasının Ekspertlər Qrupunun üzvləri ilə görüşüblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbərinin müavini, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə və İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Heydərov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) üzvləri ilə görüş keçiriblər.

Görüş zamanı qrup üzvləri fəaliyyət və mandatları barədə məlumat verərək, ölkəmizə 3-cü qiymətləndirmə səfəri həyata keçirdiklərini və nəticələr əsasında müvafiq hesabatın hazırlanacağını bildiriblər. Qeyd olunub ki, GRETA “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının icrasına nəzarət edən ekspertlər qrupu olaraq Konvensiyanı ratifikasiya etmiş ölkələrə mütəmadi səfərlər edir.

Görüşdə GRETA nümayəndələrinə Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə planlı və plandankənar formada əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr barədə geniş məlumat verilib.

Ekspertlər Ombudsmanın insan alverinin qarşısının alınması sahəsində fəaliyyəti barəsində məlumatlandırılıb. Müvəkkilin miqrantlar, gender əsaslı zorakılıqdan zərərçəkən şəxslər, natamam ailələrdə böyüyən uşaqlar və digər potensial insan alveri qurbanı ehtimal edilən əhali qruplarının vəziyyətini xüsusi diqqətdə saxladığı vurğulanıb. Eyni zamanda, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə Ombudsmanın fəaliyyəti, müvafiq sahədə hüquqi maarifləndirmə, təhlil və monitorinqlərin aparıldığı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı da nəzərə çatdırılıb.

Daha sonra ekspertləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qonaqlar Ombudsman təsisatının bu sahədə fəaliyyəti ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti