Bakı. Trend:
Təcili tibbi yardım bütün dünyada ən vacib tibbi xidmətlərdən biridir. Axı, məhz təcili yardım həkimləri ilk olaraq köməyə gələrək, böyüklərlə yanaşı balacalara da istənilən ilk tibbi yardımı göstərirlər. 2000-ci ildən başlayaraq Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım günü kimi qeyd olunur. Azərbaycanda isə ilk tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub.
İnsanların sağlamlığı, bəzən isə həyatı ilk tibbi yardım briqadasının mümkün qədər tez gəlişindən asılı olur. Təcili yardım həkimi tərəfindən xəstənin ilkin müayinəsi zamanı düzgün diaqnozun təyin edilməsi tibb işçilərinin bütün sonrakı addımlarını müəyyənləşdirir. Buna görə lazımi yardımı dərhal göstərə biləcək təcrübəli mütəxəssislərlə vaxtında əlaqə saxlamaq olduqca vacibdir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli Çağri mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daim yeniləyən tibb heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.
Mərkəzi Gömrük Hospitalının zəngin iş təcrübəsinə malik Təcili Tibbi Yardım şöbəsinin rəisi Dr. Nərgiz Kərimova başda olmaqla şöbənin əməkdaşları: təcili tibbi yardım həkimləri – Cavad Cabarov, Tofik Bayramov, Salman Rzayev, Bəylər İmanov, Racu Nəbiyev, Leyla Fətullayeva, böyük tibb bacısı Təhminə Sultanova, tibb bacıları – Olqa Xasayeva, Svetlana Kosyakova, Elmira Qasımova, Marina Həsənova, Solmaz Mövsümova, Firuzə Səlimova, Sevda Abdullayeva, İradə Quliyeva, tibb qardaşı Vüsal Şahverdiyev və kiçik tibb işçiləri Adil Behbudov, Rasim Əhmədov və Eldar Hüseynov komanda olaraq daim xəstələrə zamanında ilk tibbi yardım göstərir, ehtiyac olarsa hospitala daşınmasını təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirirlər.
Mərkəzi Gömrük Hospitalının kollektivi Təcili Tibbi Yardım şöbəsinin tibbi personalını İlk Tibbi Yardım günü münasibətilə təbrik edir, onlara bu çətin, lazımlı və şərəfli işlərində uğurlar diləyir.
Peşə bayramınız mübarək!