...

ADA Universitetində UNESCO üzrə Milli Komissiyalarının baş katibləri üçün təlimlər başlayıb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 14:47 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 24-ü ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb. Təlim İnstitunun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və 14 fərqli Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.

Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Təlim proqramının bu gün baş tutan açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər. Tədbirdə həmçinin UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Serin iştirakçılara ünvanladığı video müraciət nümayiş etdirilib.

Dr. Fariz İsmayılzadə çıxışı zamanı təlim proqramının Azərbaycan və Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaları arasında əməkdaşlığı və ikitərəfli əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qədim tarixə malik Azərbaycanın mədəni irsinin geniş miqyasda təbliğinin vacibliyinə toxunub, bu irsin səmərəli şəkildə idarə edilməsində müasir turizm elementləri ilə tarixi ənənələrin sintezinin saxlanılmalı olduğunu diqqətə çatdırıb.

UNESCO üzrə Milli Komissiyanın baş katibi Dr. Seymur Fətəliyev Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ilinin tamam olduğunu və ölkəmizin bu quruma üzv olduğu müddətdə Təşkilatın prinsip və dəyərlərinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb.

İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva öz çıxışında İnstitutun fəaliyyətindən bəhs edərək nəzərə çatdırıb ki, “IDD” dövlət və özəl sektorda, habelə akademik sferada fəaliyyət göstərən mütəxəssislər yetişdirir və onların peşəkar inkişafını təmin edir.

İnstitutun İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova təqdimatla çıxış edərək qeyd edib ki, oktyabrın 8-i başa çatacaq proqram çərçivəsində iştirakçılar ölkəmizlə yaxından tanış olmaq üçün Azərbaycan memarlığının ümumdünya mədəni irs siyahısına daxil olan yerlərini ziyarət edəcəklər.

Qeyd edilib ki, hazırkı təlim proqramı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşlığı çərçivəsində baş tutan ilk tədbirdir. Təlimlər dövlət və özəl qurumları təmsil edən rəsmilərin, ADA Universitetinin professor-müəllim heyətinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin mühazirələri ilə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti