...

Erməni mühasirəsində qalan soydaşlarımız haqda çəkilən "Parabüzən" filmi təqdim edildi (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2022 13:57 (UTC +04:00)
Erməni mühasirəsində qalan soydaşlarımız haqda çəkilən "Parabüzən" filmi təqdim edildi (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda 28 Mall “Cinemaplus” kinoteatrında 29 il əvvəl 54 gün erməni mühasirəsində qalan soydaşlarımıza həsr edilən filmin təqdimat mərasimı keçirilib.

Trend-in məlumatına görə, film 1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlıdır. Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadədir.

"Parabüzən" qısametrajlı sənədli filminin kadrları 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb.

Həmin 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxması da filmdə öz əksini tapıb.

Filmin direktoru Fuad Hüseynəliyev bildirib ki, mühasirəyə düşənlər arasında qadınlar, yaşlılar da var idi. Onlar 54 gün mühasirəni yarmağa çalışıblar, bəzi yerlərdə hətta döyüşüblər. Lakin mühasirəni yarmaq mümkün olmadığı üçün onlar sağ qalmaq uğrunda mübarizə aparıblar.

F.Hüseynəliyev deyib ki, bu mövzuda daha əvvəl film çəkilsə də, lakin o vaxt torpaqlarımız işğal atında olduğundan filmin kadrları həmin ərazidə çəkilməyib: "Artıq torpaqlarımız işğaldan azad edildikdən sonra biz mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə gedərək, 29 il əvvəl baş verənləri sənədli filmə çevirdik. Çox şadam ki, biz bu filmi hadisələrin yaşandığı yerlərdə lentə aldıq".

Filmin produseri İmdad Əlizadə isə qeyd edib ki, filmdə əsas məqam ermənilərin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı törətdikləri zülmü ictimaiyyətə göstərməkdir: "Film Kəlbəcər və Laçın rayonları ərazilərində lentə alınıb. Bu film Ermənistanın Azərbaycana, mülki vətəndaşlara qarşı törətdiyi terror aktı, qeyri-insani davranışları, hərbi təcavüzünü göstərən sənədli filmdir. Bu film 19 nəfərin 54 gün ərzində erməni mühasirəsində nələr yaşadığı, həyatda qalmaq uğrunda necə mübarizə aparmasından bəhs edir. Çox şükür ki, artıq Qarabağ azaddır. Ali Baş Komandan İlham Əliyev və güclü Azərbaycan Ordusunun sayəsində biz artıq torpaqlarımıza gedə bilirik. Filmi çəkməkdə qayəmiz odur ki, azərbaycanlı dinc sakinlərin Ermənistanın bu cür vəhşiliyinə məruz qaldıqlarını hər kəs bilsin".

Qeyd edək ki, sənədli film "Report” İnformasiya Agentliyinin ideyası, “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə reallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti